Advertisement

Azərbaycanın sabiq müdafiə naziri dəfn edildi (YENİLƏNİB)

Bakı. Trend:

Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev
İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Trend xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci
müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə
Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları,
döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son
mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri
qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan
bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə
təqdim edilib.

Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb.
Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə
dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan
Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim
yaşayacaq.

xxx

09:18

Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-mayor
Dadaş Rzayev vəfat edib.

Dadaş Rzayevin yaxınlarının Trend-ə verdiyi məlumata görə,
sabiq müdafiə naziri uzun sürən xəstəlikdən sonra dünyasını
dəyişib.

Qeyd edək ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda
doğulub.

1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri
vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası
Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə “Şöhrət” ordeni
ilə təltif edilib.