Advertisement

Bakıda həftəsonunadək hava necə olacaq? – PROQNOZ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında həftənin sonunadək hava
şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində
qısamüddətli yağış yağacağı ehtimalı var.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, mülayim cənub-şərq küləklərinin üstünlük təşkil
edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb
küləyinin qısa müddətə güclənəcəyi gözlənilir. Havanın maksimal
temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti
olacaq.

“Azərbaycanın rayonlarında həftəsonunadək intensiv yağıntılar
gözlənilmir. Yaxın günlərdə hava şəraitinin daha da sabitləşəcəyi,
əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz
saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal
temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə yüksələrək
28-33, mayın 30-31-də bəzi yerlərdə 36, dağlarda 17-22, bəzi
yerlərdə 25 dərəcə isti olacaq”.