
Bakı. Trend:
Dost və qardaş Azərbaycan Respublikasının 28 May – Müstəqillik
Gününü öz adımdan və Kipr Türk xalqı adından səmimi qəlbdən təbrik
edirəm. Türk dünyası bizim ailəmizdir. Kipr türkləri də böyük Türk
millətinin bir parçasıdır deyərək Şimali Kipr Türk Cümhuriyyətinə
güclü dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı,
xoşbəxtlik və uğur, dost və qardaş Azərbaycan xalqına sülh və
bərəkət arzu edirəm.
Trend xəbər verir ki, bu ifadələr Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti Ersin Tatarın “Kıbrıs qəzetində”
yayımlanan təbrik mesajında yer alıb.
“Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarını
geri alması ilə builki Müstəqillik Gününün belə bir şən şəraitdə
qeyd etməsinin verdiyi xüsusi sevinci və qürur hissini ürəkdən
bölüşürük”, – deyə Şimali Kiprin xəbər agentlikləri tərəfindən də
yayımlanan təbrik mesajında vurğulanıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd
edilir.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə
edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli
təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan
etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün
Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli
dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul
edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir
vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya
bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu
Azərbaycanı işğal etdi və respublika süquta uğradı.





























