Advertisement

Azad olunmuş torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülüb – DSX baş leytenantı

Qazax. Trend:

Məlum olduğu kimi, bir neçə gündür, Prezident, müzəffər Ali Baş
Komandan İlham Əliyevin növbəti göstərişinə uyğun olaraq, Qazax
rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrim və Qızılhacılı
kəndləri Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə və müdafiə
olunur.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu
jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçusu, baş leytenant Zamiq Vəliyev deyib.

“Hazırda işğaldan azad olunmuş tarixi torpaqlarımızda
sərhədlərimiz mühafizəyə götürülərək, qarşıya qoyulmuş tapşırıqlar
ən yüksək səviyyədə icra olunur. Vətən sərhədlərinin keşiyində
durmaqdan fəxarət hissi keçirən sərhədçilərimiz bu müqəddəs
vəzifənin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlar”, – o qeyd
edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km
uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan
Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)
Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin
əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən
nəzarətə götürülüb.