Advertisement

Azərbaycan ÜST-ni vahid norma və standartlar müəyyən etməyə çağırdı

Bakı. Trend:

Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Hər kəs üçün
sağlamlıq, bütün səylər sağlamlıq naminə” mövzusunda 77-ci
sessiyası keçirilir.

Trend xəbər verir ki, Səhiyyə Assambleyasının plenar iclasında
Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur
Musayev çıxış edib.

Tədbir iştirakçılarını salamlayan nümayəndə heyətinin rəhbəri
qeyd edib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr
parçalanmış dünyanı bərpa etmək üçün bizləri sıx əməkdaşlıq etməyə
sövq edir:

“Son illərdə baş verən fövqəladə hallar bəşəriyyətin gözlənilməz
hallara qarşı həssaslığını üzə çıxarıb. Fövqəladə hallara daha
yaxşı hazırlıq davamlı qlobal səhiyyə infrastrukturunun
mövcudluğunu tələb edir”.

Nazirin sözlərinə görə, informasiya texnologiyalarının sürətli
inkişafı tibbi xidmətləri əlçatan etməklə, “Hər kəs üçün sağlamlıq”
arzusunun reallaşmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, son
20 ildə Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi
istiqamətində mühüm işlər görülüb. Belə ki, 700-dən çox tibb
müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi
avadanlıqlarla təchiz edilib:

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların
sağlam həyat tərzinin təmin edilməsidir”.

Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan edildiyini xüsusilə vurğulayıb: “Dövlət
başçısının sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası
beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim
dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycan həmişə “yaşıl” gündəliyə sadiq olub və bu ilin
noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi
bunun əyani sübutudur”.

“Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar
yekdil qərarın verilməsi Azərbaycana beynəlxalq ictimaiyyət
tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli,
regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim
dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir
olunmasının bariz nümunəsidir”, – deyə Teymur Musayev qeyd
edib.

Azərbaycanda “Hər kəs üçün sağlamlıq” konsepsiyasının keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının
təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə
çatdırılıb. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində
Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin bərpası və
yenidən qurulması istiqamətində mühüm işlər görür: “Vaxtilə işğal
altında olan torpaqların mina və partlayıcı maddələrlə həddindən
artıq çirklənməsi məskunlaşma proseslərinə maneələr yaradır. Bu,
milli səhiyyə sistemi üçün də ciddi çətinlik yaradır”.

“Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya
Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını
qorumaq üçün vahid norma və standartları müəyyən etməyə çağırırıq.
Bu mövzuda strateji sənədlərin işlənib hazırlanması, eyni zamanda
Təşkilatın üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsinin
zamanıdır”, – deyə Azərbaycan səhiyyə naziri fikrini
tamamlayıb.