
Bakı. Trend:
Aqrar turizm Azərbaycan və Başqırdıstan arasında tur axınının
artmasına imkan yarada bilər.
Bu barədə Trend-ə özəl müsahibəsində Başqırdıstanın baş
nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov
deyib.
“Son illər ərzində Rusiyada, xüsusən də Başqırdıstan
Respublikasında turizm dinamik inkişaf edir. Kənd təsərrüfatı ilə
bağlı sahədə “aqrar turizm” istiqaməti yaranıb. Bu, kənd
ərazilərinin inkişafı üçün çox perspektivlidir, bölgələrin
sosial-iqtisadi inkişafına, xüsusən kənd əhalisinin məşğulluğunun
təmin edilməsinə, əsas istehsalın həcminin və vətəndaşların şəxsi
gəlirlərinin artmasına xidmət edir.
Aqrar turizm layihələrinin həyata keçirilməsi üçün dövlət
ərizəçinin öz vəsaitindən layihəyə qoyulan investisiyanın payından
asılı olaraq 3-10 milyon rubl arası qrant ayırır. Vəsaitlər
turistlərin yerləşdirilməsi üçün obyektlərinin yaradılması, təchiz
edilməsi, mühəndis kommunikasiyalarına qoşulması, turizm
avadanlıqlarının alınması, abadlıq işlərinin aparılması və digər
məqsədlərə yönəldilə bilər.
Kənd turizminə maraq bütün dünyada geniş yayılıb. Hər bir ölkə
kənd turizminin inkişafı üçün öz modelini yaratmağa çalışır. Hesab
edirəm ki, aqrar turizm respublikalarımız arasında turist axınını
genişləndirməklə ərazinin inkişafını dəstəkləmək üçün bir vasitə
olaraq çıxış edə bilər”, – o deyib.
Onun sözlərinə görə, Başqırdıstan Respublikası və Azərbaycan
Respublikası kənd təsərrüfatı məhsullarının satışı üzrə sıx
ticari-iqtisadi və tərəfdaşlıq əlaqələrinə malikdir.
“2023-cü ildə Başqırdıstan Respublikasından Azərbaycan
Respublikasına buğda, meslin, un və spirtli içkilər ixrac edilib.
Başqırdıstan Respublikasından xarici bazarlara ən çox satılan
məhsullar, həmçinin, günəbaxan yağı və qarışıq gübrələrdir.
Azərbaycan Respublikasından “Avrasiya” aqrar parkına (Ufa) tərəvəz
və meyvələr (nar, alma, pomidor, xiyar və s.) tədarük edilir.
Həmçinin, cem, jele, marmelad, meyvə-tərəvəz şirələri, şəkər əlavə
edilmiş mineral su idxal olunur”, – o deyib.
Fazrahmanov qeyd edib ki, ticarət-iqtisadi əlaqələrin
möhkəmləndirilməsi və inkişafı məqsədilə Başqırdıstan
Respublikasının nümayəndələri Azərbaycanın keçirdiyi böyük
sərgilərdə iştirak edir. Misal üçün, Başqırdıstan 25-ci Yubiley
Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan”
sərgisində ekspozisiya ilə iştirak edib.
Başqırdıstan Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın
perspektivlərindən danışan baş nazir müavini Başqırdıstanın kənd
təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü sahəsində
əməkdaşlığın gələcək perspektivlərini gördüyünü bildirib.
“Bu ilin aprel ayında Azərbaycan Respublikasına səfərimiz zamanı
həmkarlarımızla geniş spektrə malik məsələləri müzakirə etdik.
Azərbaycan tərəfini Başqırdıstanın kənd təsərrüfatı
kooperativlərinin dəstəklənməsi, kiçik və orta sahibkarlığı cəlb
etməklə turizm xidməti obyektlərinin inkişafı üzrə təcrübəsi
maraqlandırıb. Dost ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün
Başqırdıstanın aqrar-sənaye kompleksi müəssisələrinin elmi
işləmələrini Azərbaycanda tətbiq etməyi təklif etdik. Aqrar-sənaye
kompleksi məhsullarının qarşılıqlı tədarükü, gübrələrin və
Başqırdıstanda istehsal olunan kənd təsərrüfatı texnikasının
Azərbaycana ixracı sahəsində əməkdaşlığın gələcək perspektivlərini
görürük”, – deyə o əlavə edib.
Baş nazir müavini vurğulayıb ki, müasir reallıqda texnologiyadan
və müxtəlif innovasiyalardan istifadə hər hansı biznes sahəsinin, o
cümlədən, aqrar biznesin ayrılmaz xüsusiyyətidir.
“Həm Başqırdıstanda, həm də Azərbaycanda aqrar-sənaye kompleksi
dinamikdir və inkişaf edir, aqrarçılar aparıcı kənd təsərrüfatı
avadanlığı və texnikasından istifadə etməyə çalışır. Əminəm ki,
bir-birimizdən öyrənəcəyimiz, mənimsəyəcəyimiz təcrübə var.
Başqırdıstan nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya
Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.
Mərkəz aqrar innovasiyaların təbliği və tətbiqi ilə məşğul olur,
vaxtaşırı fermerlərə innovativ yenilikləri, o cümlədən əkin
sahələrinin emalı üzrə yeni texnologiyalar, yeni suvarma üsulları
və səmərəli səpin metodları nümayiş etdirir. Bu istiqamətdə
əməkdaşlıq etməyə, aqrarçılara yeni texnologiyalardan bəhs etməyə,
necə deyərlər, zamanla ayaqlaşmağa hər zaman hazırıq”, – deyə o
qeyd edib.
Başqırdıstan məhsullarının Azərbaycana ixracının
genişləndirilməsi planlarından danışan İlşat Fazrahmanov
Başqırdıstanın aqrar ixracının üçqat artım üçün böyük potensiala
malik olduğunu qeyd edib.
“2023-cü ilin yekunlarına görə, respublikadan aqrar sənayen
kompleksi məhsullarının ixracının həcmi əvvəlki illə müqayisədə 79
faiz artıb. Belə ki, 338,6 milyon dollar dəyərində 747,8 min ton
kənd təsərrüfatı məhsulu göndərilib. Başqırdıstanda su quşları üçün
genetik mərkəz var, bütün Rusiya qaz və ördəklərin yetişdirilməsi
üçün respublikaya gedir.
Biz rayonda bitkiçilik, taxılçılıq və yağlı bitkiçilik
sahələrini inkişaf etdiririk. İki iri Başqırdıstan müəssisəsi 450
min ton yüksək keyfiyyətli bitki yağı istehsal edir. Region onu
Çin, Hindistan və digər ölkələrə fəal şəkildə tədarük edir.
Başqırdıstan balı bütün dünyada tanınan məhsuldur. Biz onu 12 min
ton həcmində istehsal edirik ki, bunun da altı min tonu əmtəə
hissəsidir, tələbat artdıqda həcmi əminliklə artıra bilərik.
Başqırdıstan atlarının südündən faydalı, dadlı, təbii, müalicəvi
içki olan qımız hazırlanır. Bütün bu məhsullara artıq Rusiyanın
daxili bazarında və beynəlxalq bazarlarda tələbat var və biz
tədarük coğrafiyasını genişləndirəcəyik”, – deyə o əlavə edib.
Baş nazirin müavini Başqırdıstanın Azərbaycanla arıçılıq
sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığını
vurğulayıb.
“Bu, o cümlədən, elmi-tədqiqat istiqamətində də öz əksini
tapacaq. Regionumuzda orta rus cinsli arıların yetişdirilməsi üçün
damazlıq reproduksator statusuna malik olan “Altyn Solok” adlı
muxtar qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın
nəzdində unikal molekulyar-genetik ekspertiza laboratoriyası
yaradılıb. “Altyn Solok” laboratoriyasında Rusiya ərazisində bal
arılarının ən böyük DNT bankı yaradılıb ki, daim tamamlanr və
yenilənir. Bu səbəbdən azərbaycanlı həmkarlarımızla arıların
seleksiyası istiqamətində əminliklə əməkdaşlıq edə bilərik”, – o
deyib.
Fazrahmanovun sözlərinə görə, həmçinin Başqırdıstan
Respublikasının İxraca Dəstək Mərkəzi fəaliyyət göstərir.
“Başqırdıstanda Başqırdıstan Respublikasının İxraca Dəstək
Mərkəzi fəaliyyət göstərir Mərkəz ixracçılara və ixracyönümlü
müəssisələrə dəstək göstərir, təşkilatların sərgi və yarmarkalarda,
eləcə də biznes missiyalarında iştirakına kömək edir, elektron
ticarət platformalarında yerləşdirməyə kömək edir və bütünlükdə
xarici iqtisadi fəaliyyət üzrə təlimlər keçir. Bundan başqa,
Başqırdıstanda aqrar sənaye kompleksi məhsullarının xarici
bazarlarda sertifikatlaşdırılması ilə əlaqədar xərclərin bir
hissəsini, eləcə də ixracçıların məhsullarını xarici bazarlara
daşıyarkən çəkdiyi faktiki xərclərin bir hissəsini geri ödəmək
mümkündür”, – deyə o sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























