
Bakı. Trend:
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün
qeydiyyat prosesinə start verilib.
Trend xəbər verir ki, ötən illər ərzində ölkəmizin ev sahibliyi
etdiyi iri miqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər
qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq.
Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri
əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat
Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici
vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması
gözlənilir.
Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək,
eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək
niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı
şəkildə qoşulmaları üçün volunteers.cop29.az
onlayn qeydiyyat platforması istifadəyə verilib.
Platformada qeydiyyatdan keçərək “onlayn” anket formasını
dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha
sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında
olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi
və digər bu kimi müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və
dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər
müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. Yekun mərhələni
uğurla tamamlayan namizədlər COP29 Azərbaycan Əməliyyat Şirkəti
tərəfindən media, qonaqlama xidmətləri, nəqliyyat, loqistika və
digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar.
Qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə yarana biləcək
suallarla bağlı müraciət etmək üçün çağrı mərkəzi (+994 12 5352928)
də könüllülərin xidmətindədir.
COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq
səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real
həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin
təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi
inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər
prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya
gələn gənclərdən ibarət komanda formalaşdırılacaq.
Qeyd olunan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə
yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara
peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi mövzuları əhatə
edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.
Təlimlər könüllülərin İqlim konfransına hazırlıq mərhələsində
hərtərəfli məlumatlandırılmaları və səriştələrinin artırılmasına
xidmət edəcək. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin
gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı
tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər,
hazırda COP29-un peşəkar komandasının üzvləridir.
Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə
işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük
proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda
ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının
təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də
nəzərdə tutulub.



























