Advertisement

Türkmənistanda 28 May – Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May – Müstəqillik
Günü münasibətilə rəsmi qəbul keçirilib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək,
106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik
dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixi əhəmiyyətindən
söhbət açıb. AXC-nin varisi olan Azərbaycan Respublikasının yen
idən müstəqillik əldə etməsindən sonra qazanılmış uğurlar, dövlət
qurulucuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətlərindən danışıb və hazırda Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf yoluna qədəm
qoyduğunu bildirib.

Qismət Gözəlov çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat
layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan
enerji layihələri, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
marşrutları, Bakı-Tbilisi-Qars dəmiryolu, habelə Mərkəzi Asiyanı
Avropa ilə birləşdirəcək elektrik enerjisi kimi böyük beynəlxalq
layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu
bildirib.

Səfir Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsinin
nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri
daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini
qeyd edib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq
işləri, ərazilərimizə həyata keçirilən böyük qayıdış, habelə mina
təhlükəsinə diqqət çəkib. Hazırda Azərbaycanın Cənubi Qafqazda
sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini,
Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və
sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini diqqətə çatdırıb.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyini
və sərhədlərin delimitasıya prosesi aparıldığını vurğulayıb.
Regionda münaqişənin başa çatması ilə ilk növbədə
nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının
yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də
bütün regionun maraqlarına xidmət edəcəyini bildirib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə
toxunan Səfir, son zamanlar iki ölkə arasında ali səviyyədə həyata
keçirilən səfərlərin, beynəlxalq səviyyəli tədbirlər çərçivəsindəki
görüşlərin intensiv xarakter aldığını, bunun da strateji
münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini
vurğulayıb. Ötən il ticarət dövriyyəsinin 75 faiz artdığı, ticarət
dövriyyəsinin həcminin 800 milyon ABŞ dollarına yaxın olduğunu
nəzərə çatdırıb, münasibətlərimizin inkişafında Birgə
Hökumətlərarası Komissiyanın mühüm əhəmiyyət kəsb etdiyini
bildirib.

Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr
həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ
enerji ilə bağlı önəmli işlər görüldüyünü vurğulayan səfir, 2024-cü
ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan
edildiyini qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin
dünya birliyi tərəfindən etibarlı tərəfdaş ölkə olmasının əyani
sübutu olduğunu vurğulayıb.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə
Hökumətlərarası Komissiyanın həmsədri Batır Atdayev çıxış edərək,
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini
çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Hər iki
ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli
dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan
verdiyini vurğulayıb, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin
tarixi köklərə əsaslandığını, ölkələrimiz arasında siyasi, iqtisadi
və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə
əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib.

Ziyafət Azərbaycan musiqisinin sədaları altında davam edib və
tədbirin keçirildiyi müddətdə sinevizyon vasitəsilə ölkəmizlə bağlı
materiallar, habelə COP29-a dair loqolar nümayiş etdirilib.
Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatları və
içkiləri təqdim olunub.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti,
xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli
musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendinin
məhsulları nümayiş etdirilib. Həmçinin, tədbirdə Azərbaycanın
COP29.az və azerbaijan.travel saytları ilə bağlı bannerlər də
sərgilənib.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik
missiyaların rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət
təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak
edib.