Bakı. Trend:
Azərbaycan tarixində yeni dövr başlayıb, biz bu yeni dövrə
şərəflə, ləyaqətlə qədəm qoymuşuq: alnıaçıq, başı dik. Güclü
dövlətimiz ötən dövr ərzində qarşısına qoyduğu bütün vəzifələri
müvəffəqiyyətlə yerinə yetirdi, ətrafında birləşdirdiyi xalqımızın
bütün arzu və istəklərini yüksək nailiyyətlərlə reallaşdırdı.
Görülən işlərin ən böyük zirvəsi isə, təbii ki, Şərqi Zəngəzurun və
Qarabağın işğaldan azad edilməsidir. Bu təkcə ərazi bütövlüyümüzün
təmin edilməsi ilə yadda qalmadı, həm də dünya ictimaiyyətinə
Azərbaycanın gücünü, qüdrətini göstərdi, xalqımızın və onun
Liderinin əzmkarlığını, qətiyyətini bəyan etdi. Şübhəsiz ki, daxil
olduğumuz yeni dövr böyük nailiyyətlərlə zəngin olacaq. Bildiyimiz
kimi, dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi
ölkəmizin yeni inkişaf hədəflərindən ən başlıcası Şərqi Zəngəzurda
və Qarabağda işğalın fəsadlarını aradan qaldırmaq, aparılan
bərpa-quruculuq işlərini uğurla davam etdirmək, sakinlərin öz
yurdlarına dönməsini həyata keçirməkdir. Sözsüz ki, bu, elə də asan
iş deyil, çünki tamamilə dağılmış ərazilərdə müasir tipli yeni
şəhərlər, qəsəbələr, kəndlər salmaq, insanların rahat yaşaması üçün
hər cür şəraiti yaratmaq böyük iqtisadi güc tələb edir. Həm
xalqımız, həm də beynəlxalq ictimaiyyət aydın görür ki, Azərbaycan
bu işin öhdəsində layiqincə gəlir. Sistemli və keyfiyyətli işin
göstəricisidir ki, artıq sakinlərin bir hissəsi öz yurdlarına dönüb
və xoşbəxt yaşayır.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, abadlıq-quruculuq işlərinə bilavasitə özü
nəzarət edən Prezidentimiz ard-arda həmin ərazilərə səfərlər edir,
aparılan işlərlə yerindəcə tanış olur, sakinlərə dövlətimiz
tərəfindən tikilən evlərin açarlarını təqdim edir: “ Dövlətimiz və
xalqımız üçün əlamətdar gündə – Müstəqillik Günü İlham Əliyev
cənabları yenə də Qarabağda idi. Ağdamın Tağıbəyli, Güllücə,
Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Təbii ki, bu, həmin
kəndlərin sakinlərinə, ağdamlılara, eləcə də bütün xalqımıza böyük
bayram hədiyyəsidir. Vətən torpağını çiçəklənən, tərəqqi edən,
dirçələn görmək, həqiqətən də, bənzərsiz xoşbəxtlikdir. Biz əminik
ki, yaxın gələcəkdə Ağdam rayonu tamamilə bərpa olunacaq,
əvvəlkindən də gözəl görkəm alacaq və ölkəmizin inkişaf etmiş bir
parçasına çevriləcək. Müstəqillik Günü xalqımıza daha, bəlkə də, ən
böyük hədiyyə namus tacımız olan Xocalıya sakinlərin
yerləşdirilməsi oldu. Çünki bu şəhərin bizim üçün nə qədər həssas
olduğu hamıya məlumdur. Burada əsrin ən böyük faciəsi törədilib,
qoca, uşaq, qadın demədən yüzlərlə insan amansızlıqla qətlə
yetirilib. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş Xocalı soyqırımı
Xatın, Xirosima, Naqasaki, Sonqmi qədər qanlı və dəhşətlidir. İnsan
xarakterinə aid olmayan bu əməlləri millətçi-şovinist ermənilər
acımadan törədiblər. Hətta bu əməlin sahibləri vaxtı ilə özlərini
qəhrəman sayırdılar, buna görə dövlətlərindən mükafatlar belə
alıblar. Bu gün isə onların hansı rəzil durumda olduqları hamıya
bəllidir”.
“Xocalıları öz yurdunda, evində görmək çox qürurvericidir.
Onların üzündəki sevinc, xoşbəxtlik hissi xalqımızın hər bir
nümayəndəsini fərəhləndirir. Sağ olsun Prezident İlham Əliyev
cənablarını ki, onun gərgin zəhməti, fədakar əməyi, düşünülmüş
siyasəti və sərkərdəlik məharəti sayəsində biz bu gün xocalıları öz
evlərində görürük. Artıq indiyədək Xocalı şəhərində 44 ailənin,
yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. İnanırıq ki,
yaxın vaxtlarda bütün sakinlər evlərinə dönəcək. Qüdrətli
dövlətimiz bütün bu işlərin öhdəsindən layiqincə və vaxtında
gələcək”, – Milli Məclisin deputatı vurğulayıb.





























