Advertisement

Universitetlərdə təhsil haqları ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən qadın həbs edildi

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları universitetlərdə təhsil
haqları ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən qadını
saxlayıblar.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional
qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində iki nəfər şəhər
sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən
Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş
Nəzrin Əjdərova saxlanılıb.

N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara
güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil
müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd
düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata
yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli
bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.