Advertisement

Dəyər yaratmaq, fayda vermək “PAŞA Holding”in əsas hədəflərindəndir – Aytac Muxtarzadə

Bakı. Trend:

PAŞA Holding-in kommunikasiya üzrə rəhbər şəxsi Aytac
Muxtarzadə Trend-ə müsahibə verib. Öz müsahibəsində o, PAŞA
Holding-in 2023-cü il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə
məlumat verib.

Salam, Aytac xanım. Bu gün bizimlə birlikdə olduğunuz
üçün sizə təşəkkürümüzü bildiririk. Başlanğıc olaraq bilmək
istərdik ki, 2023-cü ildə PAŞA Qrup nə kimi sosial fəaliyyətlər
icra edib?

Salam. Mən də öz növbəmdə məni bu müsahibəyə dəvət etdiyiniz
üçün təşəkkür edirəm. Ölkənin ən böyük şirkətlərindən biri olaraq
“PAŞA Holding” ölkə, əməkdaşlarımız və cəmiyyət qarşısında öz
məsuliyyətini anlayır və müvafiq qaydada davranmağa çalışır.
Şirkətimiz öz sosial fəaliyyətinə həqiqətən də çox böyük diqqət
ayırır və bu fəaliyyətini cəmiyyət üçün yaratdığı əsas dəyərlərdən
biri olaraq görür. Qeyd edim ki, bu sahədə fəaliyyətimiz
çoxşahəlidir və əsasən təhsil, mədəniyyət, idman, səhiyyə və digər
sosial layihələri əhatə edir. Vurğulamaq istərdim ki, şirkətimizin
Korporativ Sosyal Məsuliyyət (KSM) gündəliyi ölkədə və dünyada baş
verən hadisələrə uyğun olaraq dəyişir və zəmanənin tələblərinə
uyğunlaşdırılır. 2023-cü ildə “PAŞA Holding” sosial layihələrə
onlarla milyon AZN vəsait xərcləyib. Onu da vurğulayım ki, “PAŞA
Holding” eyni zamanda öz biznes fəaliyyəti ilə də ölkənin rifahına,
iqtisadi dayanıqlılığına töhfə verir.

Təşəkkür edirik məlumat üçün. Bəs qeyd etdiyiniz məbləğ
nəyə xərclənilib? Daha ətraflı danışa bilərsinizmi?

Əlbəttə. Ötən il təhsil sahəsinə tərəfimizdən 5 milyon AZN
xərclənilib. Bu xərclər “PAŞA Holding” tərəfindən icra olunan Əlaçı
təqaüd proqramı, aztəminatlı ailələrdən olan birinci sinfə gedən
şagirdlərə məktəbli ləvazimatlarının təqdim edilməsini nəzərdə
tutan “Birincilər” layihəsi, beynəlxalq elmi konfransların
maliyyələşdirilməsi, universitetlərə təqdim edilən yatırımları,
eləcə də dövlət qurumları və qeyri-hökümət təşkilatlarının icra
etdiyi təhsil yönümlü layihələrə dəstəyin göstərilməsini əhatə
edir.

Sosial layihələrə gəlincə, “PAŞA Holding”in önəm verdiyi
layihələrdən biri də Ailə Bizneslərinə Asan Dəstək (ABAD)
proqramıdır. Bundan əlavə, törəmə şirkətlərimiz olan PAŞA Bank və
PAŞA Həyat artıq neçə ildir ki, Qızıl Aypara Cəmiyyəti, eləcə də
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aztəminatlı
ailələrə sosial yardım göstərir ki, bu proqramlar xüsusilə bayram
günlərini əhatə edir. Onun da qeyd edim ki, Kapital Bankın nəzdində
yaradılmış Qırmızı Ürəklər xeyriyyə fondunun əsas donorlarından
biri elə Kapital Bank və “PAŞA Holding”dir. Sosial yardım
istiqamətində “PAŞA Holding”in icra etdiyi daha bir önəmli
fəaliyyət şirkətə daxil olan dəstək xarakterli fərdi müraciətlərin
qarşılanması fəaliyyətidir.

Şirkətimizin diqqət yetirdiyi digər istiqamətlərdən biri də
idman sahəsidir. Belə ki, “PAŞA Holding” və onun törəmə şirkətləri
artıq neçə ildir ki, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan
Boks Federasiyası, Azərbaycan Atçılıq Federasiyası, Azərbaycan
Gimnastika Federasiyası, eləcə də İntellektual Oyunlar Klublarına
mütəmadi olaraq yatırımlar edir. Bundan əlavə, qrup şirkətləri
Sumqayıt və Zirə futbol klublarına sponsorluq edərək, ölkəmizdə
futbol sahəsinin inkişafına da töhfə verir. 2023-cü il ərzində PAŞA
Qrup tərəfindən idman sahəsinə ümumilikdə 3.6 milyon AZN-dən çox
vəsait ianə olunub.

Bu sualda qeyd etmək istədiyim son sahə incəsənət sahəsidir.
Belə ki, yəqin məlumatlısınız, qrupumuza daxil olan PAŞA Həyat
şirkəti İRS nəşriyyat evi tərəfindən təqdim olunan kitabların nəşr
edilməsini dəstəkləyir. Bu kitablar, mədəni irsimizin tanıdılması
məqsədini daşıyırlar. 2023-cü ildə PAŞA Həyat şirkətinin dəstəyi
ilə bu silsilədən “Gizli ölüm toxumları”, “Dirçəliş. Başlanğıc”,
“Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitabları təqdim
edilib. Qeyd edim ki, ötən il kitabların təqdimat görüşləri
Azərbaycanda, Türkiyədə, İtaliyada baş tutub ki, bu da ölkəmizin
dünyada tanınmasına da töhfə verib. Bundan əlavə, “PAŞA Holding”
artıq neçə ildir ki, Beynəlxalq Caz Festivalının təşkilinə də
dəstək göstərir ki, bu festival 2023-cü ildə Bakıda baş tutub.

Bəs xanımların və uşaqların gələcəyi gündəliyinizdə
hansı yeri tutur?

Bu çox yaxşı sualdır. Həqiqətən də, bizim gündəliyimizə nəzər
yetirsəniz, orada xanımlara və uşaqlara həsr olunmuş xüsusi
layihələr görərsiniz. Şirkətimiz neçə ildir ki, AFAQ layihəsini
dəstəkləyir. Bu layihənin əsas məqsədi aqrar sahədə fəaliyyət
göstərən qadın sahibkarlarla fəaliyyətləri üzrə dəstək
göstərməkdir. Layihə çərçivəsində qadınlar üçün həm sahələri üzrə
təlimlər keçirilir, həm də onlara iş zamanı istifadə edəcəkləri
müvafiq avadanlıqlar təqdim edilir. Qadın sahibkarlığı mövzusunda
“PAŞA Holding” və törəmə şirkətlərimiz fərqli qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq edir. “Gender Hub” təşkilatı ilə
əməkdaşlıq nəticəsində şirkətlərimiz şiddətə məruz qalmış
xanımların sahibkarlıq fəaliyyətini dəstəkləyir. Bu mövzu həqiqətən
də bizim üçün əhəmiyyətlidir, çünki qadınlar arasında sahibkarlığın
inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir. Qadınların
gələcəyi övladlarımızın gələcəyi deməkdir, övladlarımızın gələcəyi
isə cəmiyyətimizin.

Qadın sahibkarlığından danışanda mütləq şəhid xanımlarını da
diqqətdə saxlamaq lazımdır. PAŞA Sığorta şirkəti “PAŞA Holding”in
dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə Vətən
müharibəsi şəhid və qazilərinin xanımları üçün “Ana Sahibkar” adlı
layihəni həyata keçirib. Layihənin təşkil olunmasında əsas məqsəd
İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin xanımları üçün
sahibkarlıq fəaliyyətinə, eyni zamanda, bu sahədə bilik və
bacarıqların artırılmasına dəstək vermək idi. “Ana Sahibkar”
layihəsi 4 ay müddətində, 30 iştirakçı ilə birgə davam edib və
sonda iştirakçıların əksəriyyətinin işlə təmin olunmasına dəstək
verilib.

PAŞA Sığorta tərəfindən qadınlara həsr olunmuş digər layihə
“GüclüSən” layihəsidir. GüclüSən süd vəzi xərçəngi barədə
qadınların maarifləndirilməsi məqsədi ilə yaradılmış KSM
layihəsidir. Layihənin əsas məqsədi qadınlar arasında süd vəzi
xərçəngi ilə bağlı marifləndirməni artırmaq və vaxtında müayinə
etməyin önəmini onlara çatdırmaqdır. Hətta həkimə getmədən şəxsi
müayinələrini ev şəraitində necə etməli, hansı risklərlə
qarşılaşdıqlarında dərhal həkimə müraciət etmək lazım olduğunu izah
etməkdir. Layihə çərçivəsində yerli xəstəxanalarla əməkdaşlıq
edilərək tədbirlər keçirilir, qadınlara əlavə imtiyazlar verilir
ki, vaxtında müayinələrdən keçsinlər. Çünki vaxtında atılan hər bir
addım həyat qurtara bilər.

Təəssüf ki, gündəliyimizin müəyyən hissəsini balaca
balalarımızın səhhətinə ayırmaq məcburiyyətində olmuşuq. Mən çox
istərdim ki, heç bir balaca bala xəstələnməsin, hər biri sağlam və
xoşbəxt olsun, lakin təəssüf ki, bu mümkün deyil. Eyni zamanda çox
təəssüf ki, balaların hamısına eyni anda kömək etmək də mümkün
deyil. Şirkət olaraq biz talassemiyadan əziyyət çəkən uşaqlar üçün,
Birgə və Sağlam İctimai Birliyi mərkəzində yerləşən autizmli
uşaqlar üçün, ümumilikdə kimsəsiz övladlar üçün yardım aksiyaları,
eləcə də qanvermə aksiyaları təşkil etməyə çalışırıq. Bundan əlavə,
“PAŞA Holding” artıq neçə ildir ki, ağır xəstəliklərə düçar olmuş
uşaqların müalicəsinə yardım edir ki, bu fəaliyyət 2023-cü ildə də
davam edib. Belə ki, şirkətimiz ötən ilki “Soyuq Əllər, İsti
Ürəklər” yarmarkasına qoşularaq, xeyriyyə məqsədilə vəsaitlərin
toplanılmasını təşviq edib.

Şəhid xanımlarını vurğuladınız. Xəbərlərdən də görürük
ki, ümumilikdə Qarabağ mövzusu sizin üçün xüsusi önəm kəsb edir.
Biraz bu barədə də danışardınız.

Şirkətimiz Qarabağın dirçəlməsini, azad edilmiş ərazilərin
bərpasını, müharibə iştirakçılarının və ailələrinin rifahını,
şəhidlərimizin xatirəsinin yaşadılması mövzusunu birbaşa olaraq öz
üzərində məsuliyyət olaraq qəbul edir və bu istiqamətdə çoxsaylı
fəaliyyətlər həyata keçirir.

“PAŞA Holding” və maliyyə şirkətlərimiz – PAŞA Bank, Kapital
Bank, PAŞA Sığorta və PAŞA Həyat – Qarabağda Heydər Əliyev Fondu
tərəfindən icra olunan bərpa proseslərində yaxından iştirak edib.
Şirkət olaraq biz Zəngilan, Ağdam və Şuşa şəhərlərində məscidlərin
bərpasına dəstək göstəririk. Bundan əlavə, “PAŞA Holding”
şəhidlərin əbədi xatirəsinin yaşadılmasını hədəfləyən Bakı
şəhərində salınan Zəfər parkının inşasına da dəstək göstərir.
Bununla yanaşı, şirkətimiz “Vətən bizə əmanətdir” deyənlərin
əmanətlərinin yanında olmağı da özünə borc bilir. Artıq ikinci
ildir ki, “PAŞA Holding” və onun törəmə şirkətləri “Vətən
əmanətlərinin keşiyindədir” adlı layihə icra edir. Layihə
çərçivəsində 44 günlük Qarabağ Müharibəsi və daha sonra baş tutan
təxribatlar zamanı şəhid olan şəxslərin 18 yaşadək övladları üçün
xüsusi sosial proqram təşkil olunur. Sözügedən balalara Yeni il,
Novruz Bayramı, Ramazan və Qurban bayramları, eləcə də Zəfər günü
münasibətilə bayram sovqatları təqdim olunur və tədris ilinin
başlaması ərəfəsində məktəbli ləvazimatları hədiyyə edilir. Bundan
əlavə, sözügedən övladlar PAŞA Sığorta tərəfindən yüksək dəyərli
sığorta paketi ilə sığortalanırlar. Bu paket xroniki və stamotoloji
xəstəliklərin müayinəsini və müalicəsini də əhatə edir ki, bir çox
klassik sığorta paketlərinə bu xidmətlər daxil deyil.

Bu istiqamətdə icra olunan əhəmiyyətli fəaliyyətlərdən biri də
şirkətimiz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə birgə şəhid ailələrinə evlərin təqdim edilməsi və bu evlərin
təmir edilməsi fəaliyyətidir. Belə ki, 2023-cü ildə “PAŞA
Holding”in dəstəyi ilə 28 ev sıfırdan inşa edilərək şəhid
ailələrinə təqdim edilib. Onu da qeyd edim ki, 2020-ci ildən
etibarən 2023-cü ilin sonunadək “PAŞA Holding”in dəstəyi ilə 101
şəhid ailəsinə tam təmirli evlər təqdim edilib. Qeyd edim ki, “PAŞA
Sığorta” şirkəti, şəhid və qazi ailə üzvlərinin emosional və
psixoloji reabilitasiyasını təmin edilməsinə töhfə vermək məqsədi
ilə “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın həyata
keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının
artırılması” (APRIA) layihəsinə də qoşulub.

Görüşün əvvəlində bildirdiniz ki, dəyər yaratdığınız
istiqamətlərdən biri də əməkdaşlarınızdır. Burada nəyi nəzərdə
tuturdunuz?

2023-cü ilin sonuna “PAŞA Holding”də çalışanların ümumi sayı
20,000-dən çox əməkdaş təşkil edib ki, bu da 20,000 əməkdaş
qarşısında məsuliyyət deməkdir. Bu məsuliyyəti dərk edərək biz hər
il beynəlxalq standartlara uyğun olaraq təşkilatımızın sağlamlığını
ölçürük və daha da təkmilləşdiririk. Eyni zamanda, insan resursları
komandamız mütəmadi olaraq işçi məmnuniyyəti sorğusu keçirir və
əməkdaşlardan birbaşa olaraq onların fikirlərini toplayır. Beləcə,
“PAŞA Holding”də istedadların rifahının əsas olduğu iş mühiti
yaradırıq ki, bu da davamlı inkişaf, açıq ünsiyyət, qarşılıqlı
hörmət və dəstək mədəniyyətində öz əksini tapır. Çox önəmlidir ki,
əməkdaşlar eşidildiklərini, inkişaf etdiklərini, şirkətin
fəaliyyətində öz töhfələrini və ümumilikdə bir şirkətlər qrupunun
üzvü olduqlarını hiss etsinlər.

Onu da qeyd edim ki, davamlı öyrənmə, eləcə də karyera
imkanlarını artırmaq üçün təlim proqramlarına əhəmiyyətli dərəcədə
sərmayə qoyuruq və burada milyonlarla AZN vəsaitdən söhbət gedir.
Yəqin məlumatlısınız, “PAŞA Holding”də artıq neçə ildir ki PAŞA Hub
fəaliyyət göstərir. Bu mərkəzin yaradılmasında əsas məqsəd qrup
əməkdaşlarımız üçün öyrənmə və inkişaf proqramlarının sistemli
şəkildə həyata keçirməkdir. Ayrıca vurğulamaq istərdim ki, 2018-ci
ildən etibarən qrupumuzda Sinerji Proqramı həyata keçirilir. Bu
proqramın məqsədi əməkdaşlarımız üçün müxtəlif mövzular üzrə
görüşlər, tədbirlər, yarışlar təşkil etmək və beləliklə
kommunikasiya vasitəsilə əməkdaşlığı möhkəmləndirməkdir. Bununla
yanaşı, korporativ dəyərlərimizdən biri olan sahibkarlıq ruhunu və
şirkətdaxili innovasiya mədəniyyətini təşviq etmək məqsədilə biz
daxili inkubasiya proqramı da həyata keçiririk. Həmin bu proqram
vasitəsilə əməkdaşlar yeni ideyalarını irəli sürmək və onları real
layihələrə çevirmək imkanı da əldə edirlər.

Elə fəaliyyətlərinizdən də müşahidə edirik ki,
şirkətiniz innovasiyalara önəm verir və eyni zamanda innovasiya
yönümlü sosial fəaliyyətlər də icra edir. PAŞA Holding biznesə və
ümumilikdə iqtisadiyyata dəstək xarakterli layihələr də həyata
keçirir. Bununla bağlı nə deyə bilərsiniz?

Bəli, innovasiyalar bizim üçün biznesimizin bir hissəsi olmaqla
yanaşı, müəyyən mənada sosial fəaliyyətdir. Belə ki, şirkətimiz bu
günə kimi dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə
əməkdaşlıq edərək yerli startaplar üçün inkişaf və karyera
məsləhətləri proqramları elan edib, texniki sahələr üzrə təhsil
alan tələbələrə təqaüdlər verib, hətta onların dünyanın önəmli
innovasiya tədbirlərində iştirakını təmin edib. Bunlarla yanaşı,
“PAŞA Holding” qeyd olunan sahələrdə mentorların yetişdirilməsini
də dəstəkləyir və yerli inkubasiya, akselerasiya və vençur
mərkəzlərinə dəstək olur.

InMerge innovasiyalar sammiti də şirkətimizin innovasiya
ekosisteminə töhfəsinin bariz nümunəsidir. “PAŞA Holding”in
təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə
innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və
investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət
yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları
arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Yəqin ki, bilirsiniz, 2023-cü ildə sammitdə “Apple”ın
qurucularından olan Steve Wozniak, “Shazam”ın yaradıcısı Chris
Barton, “Tesla”nın qurucu ortaqlarından olan JB Straubel kimi
məşhur və yaradıcı şəxslər iştirak edib. Ümumilikdə sammitin
yaratdığı fürsətlərdən 3000-dən çox insan faydalana bilib. Eyni
məqsədə xidmət edərək, “PAŞA Holding” artıq 4-cü dəfədir ki,
hakaton da təşkil edir. Fürsətdən istifadə edərək bildirmək
istəyirəm ki, bu ilki hakatona qeydiyyat hələ də davam edir və
maraqlanan şəxslər yarışmaya müraciət edə bilər.

Onu da vurğulayım ki, ölkədə ilk vençur kapital fondu və
kibertəhlükəsizlik məktəbi də məhz “PAŞA Holding”in dəstəyi ilə
fəaliyyətə başlayıb. Bundan əlavə, hazırda ölkəmizdə fəaliyyət
göstərən Holberton məktəbi də şirkətimizin dəstəyi ilə ölkəyə cəlb
edilib. İnformasiya texnologiyalarına maraq göstərən gənc şagirdlər
bu məktəbdə sahə üzrə ekspertlər tərəfindən yüksək keyfiyyətli
nəzəri və praktiki biliklər əldə edə bilirlər. Beləcə, bu tədris
mərkəzi Silikon Vadisindən yüksək keyfiyyətli texnoloji
proqramlarla innovativ və praktik metodologiya vasitəsilə gələcəyin
İKT kadrlarını yetişdirir.

İqtisadiyyata təsirə gəlincə, unutmamaq lazımdır ki, PAŞA Qrup
fərqli – maliyyə və qeyri-maliyyə sektorlarında fəaliyyət
göstərərək, artıq bu sektorlarda ümumi biznes fəaliyyətinə,
rəqabətliliyə və beləliklə proqressiv mühitin formalaşmasına töhfə
verir. Ölkənin ən böyük şirkətlər qruplarından olaraq “PAŞA
Holding” ölkə ərazisində böyük sayda iş yerlərinin yaranmasını
təmin edir. Qeyd etdiyim kimi, 2023-cü ilin sonuna “PAŞA Holding”də
çalışanların ümumi sayı 20,000-dən çox əməkdaş təşkil etmişdir. Bu,
tərəfimizdən 20,000-dən çox iş yerinin təmin edilməsi deməkdir.
Belə ki, 2023-cü ildə əməkdaşlara təqdim olunan ümumi kompensasiya
məbləği 524 milyon AZN təşkil edib. Düşünürəm ki, ümumilikdə
istedadlarımızın inkişafına verdiyimiz töhfə – istər təlim və
inkişaf proqramlarının təşkili, istər mədəniyyət, istər beynəlxalaq
standartlara uyğun təcrübənin təqdim edilməsi vasitəsilə – özü
özlüyündə yaratdığımız dəyərlərdən biridir. Nəticə etibarı ilə,
şirkətimiz bu fəaliyyəti ilə ölkədə kadrlar bazasının və ümumilikdə
əmək bazarının inkişafına töhfə vermiş olur. Onu da qeyd edim ki,
bundan öncəki sualda adını çəkdiyim PAŞA Hub tərəfindən tələbələr,
əmək bazarına yeni daxil olmuş şəxslər üçün də inkişaf proqramları
təşkil edilir. Bu proqramlardan ən önəmlisi “Future Shapers”
proqramıdır ki, bu proqram istedadlı universitet tələbələrini və
yeni məzunları aşkar etmək, onların texniki və yumşaq
bacarıqlarının inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda
yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.

İqtisadiyyata töhfə mövzusunun davamı olaraq, “PAŞA Holding”in
ölkədə ən böyük vergi ödəyicilərindən biri kimi də çıxış etməsini
də vurğulamaq istərdim. 2023-ci ildə şirkətimiz ümumilikdə 258
milyon AZN vergi ödəyib. Lakin biz bununla məhdudlaşmamağa
çalışırıq. 2023-cü ildə şirətimiz Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), Azərbaycan Sığortaçılar Assosiasiyası və digər
qurumlara maliyyə dəstəkləri göstərərək ölkədə kiçik və orta
sahibkarlığın, eləcə də sığortaçılıq sahəsinin inkişafına dəstək
göstərib. 2023-cü ilin aprel ayından etibarən, “PAŞA Holding”in
sponsorluğu və KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin təşəbbüsü ilə “Qarabağ KOB-ları” proqramı da həyata
keçirilir. Proqram çərçivəsində şəhid ailələrinin, qazilərin, və
müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılmasına,
məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə 50-yə yaxın KOB
subyekti yaradılıb və lazımi avadanlıqla təmin olunub.

Aytac xanım, ətraflı məlumat üçün sizə təşəkkür edirik.
Mən də daxil olmaqla, ölkəmizin bir çox vətəndaşı bu fəaliyyətlər
barədə heç məlumatlı belə deyildilər. Bilirəm ki, şirkətiniz bu il
yeni – 2024-2026-cı illəri əhatə edən strateji dövrə daxil olur.
Son sual olaraq bu mövzu üzrə şərhinizi eşitmək
istərdik.

Doğru vurğuladınız – bu il bizim üçün yeni üç illik strateji
dövrün başlanğıcıdır. Bu dövrə daxil olanda, biz komandamız ilə
oturub bu ildən nə gözlədiyimizi müzakirə etdik. Müzakirələrimiz
eyni zamanda PAŞA Holding-in ümumi məqsədini də əhatə edirdi.
Özümüzə sual verirdik: PAŞA Holding niyə fəaliyyət göstərir? Nəyi
hədəfləyir? Şirkətin məqsədi nədir? Uzun müzakirələrdən sonra
qərara gəldik ki, bütün fəaliyyətlərimizi bir mesaj ətrafında
formalaşdıra bilərik: Faydalı olmaq – Dəyər yaratmaq. Yəni şirkətin
məqsədi əslində fərqli istiqamətlərdə dəyər yaratmaqdır. Ölkəmizin
gündəliyində olan mövzulara töhfə verərək, ölkənin iqtisadi
inkişafına, cəmiyyətin rifahına, qlobal mühitdə Azərbaycanın
imicinə töhfə verərək – nəticə etibarı ilə biz dəyər yaratmağa
çalışırıq. Odur ki, cari strateji dövrdə də biz bu məqsədimizə
xidmət göstərməyə çalışacayıq.

Bu məqamda mən iqlim mövzusunu da qeyd etmək istərdim.
Bilirsiniz ki, həm ölkəmiz, həm dünya üçün önəmli mövzulardan biri
iqlim dəyişikliyi mövzusudur. Mövzunun önəmini anlayaraq, bu
strateji dövrdə biz bir şirkətlər qrupu kimi gələcəyimiz qarşısında
olan məsuliyyətimizi də nəzərdən keçirəcəyik. Hazırda şirkətimiz
həm ətraf mühitə təsir, həm də ümumi dayanıqlılıq baxışlarını
nəzərdən keçirir və mövzu üzrə əməliyyat planı formalaşdırır.
Düşünürəm ki, cari strateji dövrdə ətraf mühitə, iqlim
problemlərinin həllinə, dayanıqlılıq proseslərinə verdiyimiz töhfə
də “PAŞA Holding” tərəfindən yaradılan dəyərlər sırasında
olacaq.

Təşəkkür edirəm gəldiyiniz üçün.

Mən təşəkkür edirəm.