Advertisement

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Bakı. Trend:

27 may 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondu
tərəfindən Bakıda Nizami Kino Mərkəzində 28 May Azərbaycan
Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Qarabağın
cizgiləri” adlı sərginin açılışı və “Şuşanın tək incisi” adlı
sənədli filmin təqdimatı keçirilib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı,
dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ
bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi
ipək yaylıqlardan ibarət sərgi tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.

Həmçinin, gecədə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ
xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın
tək incisi” adlı sənədli film nümayiş olunub. Film layihəsi Fond
tərəfindən Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunması və
Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə
əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində
nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi
Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə
Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova təşkilat tərəfindən Azərbaycan Respublikasının
Müstəqillik Gününə həsr olunmuş layihələrin əhəmiyyətini qeyd edib.
O, sözügedən layihələrin həyata keçirilməsinin Azərbaycanın
tarixinin, mədəni irsinin qorunub saxlanılmasına, milli
dəyərlərinin təbliğinə mühüm töhfə verəcəyinə əminliyini ifadə
edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun
nümayəndələri, millətvəkilləri, mədəniyyət və incəsənət xadimləri,
KİV təmsilçiləri, eləcə də Bakıdakı müxtəlif təhsil ocaqlarının
tələbələri iştirak ediblər.