Bakı. Trend:
ABŞ-nin Bakıdakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası
ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb
və universitet tələbələri, eləcə də onların valideynləri üçün
EducationUSA Məzun Sərgisini təşkil edəcək.
Bu sərgi Amerikada təhsil ilə maraqlananlar üçün böyük imkanlar
təqdim edəcək. EducationUSA Məzun Sərgisində ABŞ səfirliyinin
mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil
olunacaq. Həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları
tələbə vizaları ilə bağlı məlumat verəcəklər. Müvəqqəti işlər
vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək. Sərgi
iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında
keçiriləcək. Ünvan: Nizami 90A.
ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz
məzun olduqları universitetləri təmsil edəcək və Amerika Birləşmiş
Ştatlarda təhsil almaq üçün təcrübə və məsləhətlərini bölüşəcəklər.
İştirakçılar fərdi müzakirələrdə iştirak edə biləcək, müraciət
prosesi və təqaüd imkanları ilə bağlı lazımi məlumatlar əldə
edəcəklər.
Son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı xeyli artıb.
2022-2023-cü tədris illərində ABŞ-nin ali təhsil müəssisələrində
901 azərbaycanlı tələbə təhsil alıb. Bu, 2021-ci il ilə müqayisədə
təxminən 25%, 2020-ci il ilə müqayisədə isə 62% artım deməkdir. Bu
il Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ADA Universiteti
ilə birgə yeni diplom proqramına başlayıb və SAT universitetlərə
qəbul imtahanında iştirak edən azərbaycanlı tələbələrin sayı iki
dəfədən çox artıb. Getdikcə daha çox azərbaycanlı tələbə səfirliyin
bir çox ingilis dili və təhsil mübadilə proqramlarında iştirak
edir, həmçinin, ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə
bağlı valideynlərə və tələbələrə məsləhət verən EducationUSA
əməkdaşları ilə ödənişsiz, individual formada görüşlərdə iştirak
edir.
Ətraflı məlumat və EducationUSA məzun sərgisinə qeydiyyatdan
keçmək üçün
https://forms.gle/VvwaVdjTWmPS3BuV7 ünvanına daxil olun və ya
[email protected]
mail ünvanı ilə əlaqə saxlayın.





























