Advertisement

G7 İranı sanksiyalarla hədələdi – Trend.Az

Bakı. Trend:

G7 (“Böyük Yeddilik”) ölkələri Rusiyaya ballistik raket və digər
hərbi texnologiyalar tədarük edəcəyi təqdirdə İrana qarşı mühüm
tədbirlər görəcəyi ilə hədələdi.

Trend xəbər
verir ki, müvafiq bəyanat “G7″nin saytında dərc olunub.

“İran Rusiyaya ballistik raket və ya müvafiq texnologiyalar
tədarük etmək istəyirsə, biz ona qarşı sürətlə və yeni
koordinasiyalı şəkildə cavab verməyə, o cümlədən yeni və mühüm
tədbirlər görməyə hazırıq”, – bəyanatda deyilir.

Bundan başqa, G7 ölkələri İranın artıq Rusiya üçün pilotsuz uçuş
aparatları tədarük etdiyini xatırladıb və yeni silah tədarükünün
regional destabilizasiyanı gücləndirəcəyini vurğulayıblar.

Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının prezidenti
Ursula von der Lyayen də İranın Rusiyaya raket tədarük edəcəyi
təqdirdə Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyalara məruz qala
biləcəyini deyib.

“İran Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə,
əlavə sanksiyalarla cavab verməyə hazırıq”, – Avropa Komissiyasının
prezidenti deyib.

Bundan başqa, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu
Miller də İran Rusiyaya ballistik raketlər satacağı təqdirdə,
Vaşinqton və müttəfiqlərinin sərt tədbirlər görəcəyini deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun