Advertisement

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Mayın 29-da Energetika Nazirliyində Biznes Mühiti və Beynəlxalq
Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə
qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

Trend xəbər verir ki, İşçi qrupun rəhbəri energetika nazirinin
müavini Samir Vəliyev müvafiq normativ hüquqi aktlarda mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üzrə
150 kVt güc həddinin 200 kVt-a artırılmasını Komissiyanın və İşçi
qrupun fəaliyyətinin nəticələrindən biri kimi qeyd edib.

Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bu
ilin əvvəlindən elektrik şəbəkəsinə qoşulma üzrə sadələşdirilmiş
prosedurun (2 prosedur 20 gün ərzində) əhatə dairəsinin
genişləndirilməsini xüsusi qeyd edərək bildirib ki, bu iqtisadi
təşəbbüs biznes mühitinə geniş və sərfəli imkanlar yaradır. Müvafiq
sahədə yeni təşəbbüslərin hazırlanması və həyata keçirilməsində
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun əhəmiyyətli
rol oynaması vurğulanıb.

“Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov isə sahibkarlıq
subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının
sadələşdirilməsi, qoşulma müddətinin azaldılması, müvafiq sahədə
məlumatlandırma və maarifləndirmə istiqamətində səhmdar cəmiyyət
tərəfindən görülən işlər, qarşıda duran prioritetlər haqqında
danışıb.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal
xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə
təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair
2024-cü il üzrə Yol Xəritəsi” üzrə görülmüş işlər haqqında məlumat
verilib, icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Həmçinin elektrik şəbəkəsinə qoşulma üzrə aparılan iqtisadi
islahatlar nəticəsində yaranan əlverişli imkanlar diqqətə
çatdırılıb. Bildirilib ki, dəyişiklik nəticəsində mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə
enerji (güc) alması proseduru sadələşib, yəni sahibkar (abonent) öz
biznes xərclərini və zamanlamanı daha dəqiq və şəffaf şəkildə təyin
edə bilir.

“Azərişıq” ASC-nin “Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə
Kommunikasiya Strategiyası”nın icrasının nəticələri barədə məruzə
dinlənilib. Bildirilib ki, “Azərişıq” ASC-yə məxsus azerishiq.az
saytı və Elektron hökumət portalı (E-Gov) üzərindən, həmçinin kiçik
və orta biznes evləri, “ASAN Kommunal” mərkəzləri və ya “ASAN
xidmət” mərkəzləri vasitəsilə sahibkarın (abonentin) müraciəti
əsasında tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə
enerji (güc) alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarına əsasən 20 gün
ərzində icra edilir.

Bu zaman elektrik enerjisi şəbəkəsinə qoşulma haqqına görə
ödəniş Azərbaycan Respublikasinin Tarif Şurasının 3 may 2024-cü il
tarixli 4 №-li Qərarına əsasən müəyyən olunur. Həyata keçirilmiş
tədbirlərin məntiqi nəticəsi olaraq müvafiq sahədə göstərilən
xidmətlər üzrə vətəndaş məmnunluğunun artırılması, sahibkarlıq
fəaliyyətinin yaxşılaşdırılması, eyni zamanda əlverişli biznes və
investisiya mühitinin yaradılması, dünya miqyasında respublikamızın
mövqelərini də daha da möhkəmləndirilməsi hədəflənir.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat,
Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi, “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin nümayəndələri və “Yol Xəritəsi”nin icrasına
bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər.