Advertisement

Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülhə səylərinə xüsusi diqqət yetirir – Coşua Hak

Bakı. Trend:

Otuz iki il ərzində ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq
əlaqələri qurulub və bu tərəfdaşlıq dostluğa, ortaq maraqlara və
qarşılıqlı hörmətə əsaslanır.

Trend Azərtac-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət
katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanın Birləşmiş
Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May –
Müstəqillik Gününə və 26 İyun – Silahlı Qüvvələr Gününə həsr
olunmuş qəbulda çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycanla ABŞ terrorla,
zorakı ekstremizmlə mübarizə sahəsində birlikdə hərəkət edib,
Azərbaycan qazının və neftinin Qərb bazarına çıxarılması
istiqamətində birlikdə çalışıb.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Dövlət katibi
Antoni Blinken bu əlaqələri qurmaq və inkişaf etdirmək, həmçinin
Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhə nail
olmaq səylərinə şəxsən xüsusi diqqət yetirir: “Bu günlərə bu
istiqamətdə müsbət irəliləyişlər baş verir. Düşünürəm ki, tezliklə
bu proses daha da irəliləyəcək. ABŞ bu istiqamətdə hər zaman dəstək
göstərməyə hazırdır”.

O Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi
bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.