Bakı. Trend:
Bu il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin
fəaliyyətə başlaması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Seymur Adıgözəlov Ağdamda olarkən jurnalistlərə açıqlaması zamanı
deyib.
Onun sözlərinə görə, dövlət başçısının 2021-ci il 28 may tarixli
Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində
Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir.
Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər
sahibkarların uzun müddətlik istifadəsinə verilib.
“Qeyd edim ki, digər sənaye zonaları kimi Ağdam Sənaye Parkına
da sahibkarlar tərəfindən böyük maraq göstərilir, belə ki bir
maraqlı nüansı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı
Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya
Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye
Parkındadır.
Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi
200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə
rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu
27 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə
1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq
bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan
artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən
tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda
istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi
rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam
etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində
yekunlaşması planlaşdırılır.
Bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə
avadanlıqları və müxtəlif metal məmulatların, tikinti
materiallarının, dam örtüklərinin, boru və qutu profillərin,
elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif
növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların
istehsalı və s müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə
tutulur.
Həmçinin hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına
rezidentlər üçün infrastrukturun qurulması, elektrik
yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər
davam etdirilir”, – deyə sədr əlavə edib.



























