
Bakı. Trend:
Ermənistandakı etiraz aksiyalarının lideri, “Vətən uğrunda
Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat, yəni Vazgen Qalstanyan
tərəfdarlarını bu gün səhər saatlarından etibarən İrəvanın
mərkəzindəki Respublika meydanına maşınlarla gəlməyə çağırıb. O,
dünənki müraciətində bildirib ki, səhər saatlarında Ermənistan
hökumətinin iclası başlanacaq.
“Kim maşınla, kim piyada – fərq etməz. Gəlin, hamımız ora
toplaşaq və xəyanətkara hökumətin iclasına qatılmağa imkan
verməyək. Sadəcə, küçələri bağlamaq olmaz – belə aksiyalar
keçirməliyik. Xəyanətkarlara iş yerlərinə yolu bağlamalıyıq”, – V.
Qalstanyan deyib.
Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuh yeparxiyasının
arxiyepiskopu, dini ierarxiyada adı “keşiş Baqrat” olan Vazgen
Qalstanyanın bu çağırışı tərəfdarlarının ruh yüksəkliyi ilə “Bəli,
edərik! ” cavabı ilə sonuclanmayıb. Ermənistanın baş naziri Nikol
Paşinyanı “xəyanətkar” adlandıran Vazgenin sayı günbəgün azalan
tərəfdarları arasında ötən etiraz aksiyalarında İrəvandakı yolları
şəxsi avtomobilləri ilə bağlamağa çalışanlar vardı.
Polis bu avtomobillərin hamısını cərimə meydançasına
apardığından xuliqan sürücülər indi ən yaxşı halda xuliqan
piyadalar ola bilərlər. Onlar isə deyəsən, belə “reinkarnasiya”
variantını bəyənməyiblər.
Qalstanyanın tərəfdarları bu gün də ictimai asayişi öz
avtomobilləri vasitəsilə yenidən prozmağa çalışsalar, yenə də
cəzalanacaqlar.
Xatırladaq ki, arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın
“Toyota Lexus” markalı lüks offrouderi hələ də cərimə
meydançasındadır.
“Maşınlarla blokada” çağırışı Baqratın intellektual
potensialının primitivliyini, siyasi mübarizənin təməl
qaydalarından xəbərsiz olduğunu göstərməklə yanaşı, onun “lider”lik
etdiyi etiraz aksiyasının real təşkilatçılaının, maliyyəçilərinin
və potensial mənfəət güdənlərinin yanlış strategiyasını
aşkarlayır.
Bütün bunlarla yanaşı, arxiyepiskop Baqratın diletantlığı onu
meydana sürükləmiş erməni kilsəsinin rəhbərliyinin, Eçmiədzindəki
“düşüncə mərkəzi”nin və xüsusilə də kilsənin siyasətə aktiv
müdaxiləsinin müəllifi olan katolikos 2-ci Qareginin ermənilar
arasındakı nüfuzunu sürətlə aşağı salır.
Ermənistanın baş naziri, primitivliyi və marazmatik hərəkətləri
ilə ad çıxarmış Nikol Paşinyan belə, “Vətən uğrunda Tavuş”
hərəkatının aşkar və kölgədə olan liderləri ilə müqayisədə peşəkar
siyasətçi təsiri bağışlayır. Ümumiyyətlə, Ermənistanda baş
verənlərə sırf psixoloji baxımdan yetərincə maraqlı proseslərdir.
Həmin proseslərin bəzi məqamlarına nəzər salaq. 1. Nə baş verir? 44
günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğrayan, ötən
ilin sentyabrın 19-da Azərbaycan Ordusunun lokal antiterror
tədbirləri nəticəsində Xankəndindəki terrorçu-separatçı xuntanı
itirən Ermənistanda indi depressiya dövrüdür. Klassik psixologiyada
isə depressiyanın 5 mərhələsi var ki, onların hamısı Ermənistanda
olub və yaşanır. İlkin mərhələ inkar idi. Həmin mərhələdə ermənilər
Cənubi Qafqazda Azərbaycanın dəyişdiyi yeni geosiyasi reallıqları
və məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Bu minvalla
ermənilərin psixikası süni şəkildə özünü qapadır və reallıqla
barışmaq istəmirdi.
İkinci mərhələ qəzəb idi. Həmin mərhələdə ermənilər qəzəbli
halda günahkar axtarırdılar. Onlar özlərindən başqa hamını
suçlayır, “əks təqdirdə heç bir halda məğlub olmayacaqlarını”
deyirdilər. Əslində onlar gerçəkləri danır, başlarına gətirdikləri
faciəni ədalətsizlik, kiminsə qərəzi kimi qələmə verirdilər.
3-cü mərhələdə Ermənistan üzləşdiyi situasiyadan çıxış yolları
arayırdı və bu prosesdə faktki rəhbər Ermənistanın baş naziri Nikol
Paşinyan idi. 4-cü mərhələ Azərbaycanla Ermənistan arasındakı şərti
dövlət sərhədinin demarkasiya və delimitasiya prosesinin başlanması
ilə start götürdü. Ermənilər tək qaldıqlarını, bu səbəbdən də
“xəyanətkar” Rusiyanın yeni hami, havadarla əvəzlənməsini mütləq
saydılar. Həmin mərhələ indi də davam edir.
Son, 5-ci mərhələ hələ başlanmayıb. Ermənistanda həmin mərhələ
yaşanmağa başlayanda ermənilər situasiyanı real dəyərləndirəcək,
yeni vəziyyətdə mümkün perspektiv axtarışlarına başlayacaqlar.
Ermənistan cəmiyyəti ağrılarla, əzablarla irəliləməyə çalışır.
Amma əsrlərdən bəri erməniləri idarə edən kilsə və “havadar”lar,
xüsusilə də son iki əsrdə ermənilər faktiki manipulyasiya alətinə
çevirmiş Fransa buna əsla imkan vermək istəmir.
2. Keşiş Baqrat və katolikos 2-ci Qaregin kimlərdir? Erməni
Həvariyun (Apostol) Kilsəsinin (EAK) rəhbəri, katolikos 2-ci
Qaregin də yetərincə “maraqlı” şəxsdir. Əsl ad və soyadı Ktriç
Qriqori Nersisyan olan bu şəxs 1975-ci ildə Almaniyanın o dönəmdəki
paytaxtı Bonnda yerləşən universitetin teologiya (dinşünaslıq)
fakultəsində oxuyanda SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin
agenti olduğu aşkarlanmışdı.
Almaniyanın Federal Təhlükəsizlik Xidməti
(Bundesnachrichtendienst, BND) Ktriç Nersisyanı ölkədən deportasiya
etmiş, o da Vyanaya yollanmışdı.
Sovetlər Birliyi dağılanadək K.Nersisyan sovet DTX-nın əməkdaşı
olub.
Ermənistan müstəqillik əldə edəndən sonra isə gələcək
katolikosun məxfi fəaliyyəti ilə bağlı hər hansı məlumat
qapadılıb.
“Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrata
və ya Vazgen Qalstanyana gəldikdə isə, o, 2003-2013-cü ildə EAK-ın
Kanada yeparxiyasına başçılıq edərkən Kanada vətəndaşlığı alıb.
Kanadadakı erməni icmasının “Armenian Mirror-Spectator”
qəzetinin 20 iyul 2013-cü il tarixli sayında keşiş Baqratın
fırıldaqları barədə geniş araşdırma dərc olunmuşdu.
Qəzetin yazdığına görə, keşiş Baqrat EAK-ın Kanada yeparxiyasına
rəhbərlik etdiyi dönəmdə erməni kilsəsini çox şübhəli maliyyə
fırıldaqlarına “tərəfdaş” edib və nəticədə yeparxiya on milyonlarla
dollarlıq borca düşüb.
Borclardan qurtulmağa çalışan keşiş Baqrat Kanadanın Kvebek
vilayətindəki Monreal şəhərində yerləşən “Surb Qriqor Lusavoriç”
(“Müqəddəs Maarifçi Qriqor”) kilsəsini girov qoymuşdu. Daha sonra
isə o, Kvebek vilayətindəki Laval şəhərində yerləşən “Surb Xaç”
(“Müqəddəs xaç”) erməni kilsəsinin 1 milyon dollarını
mənimsəmişdi.
Baş verənlərlə bağlı Eçmiədzinin rəqibi – Həvariyun Erməni
Kilsəsi (və ya Kilikiya Kilsəsi) dəfələrlə bəyanatlar yaymışdı.
Monrealdakı “Surb Hakop” və Torontodakı “Surb Mariya” kilsələri
Eçmiədzinə müraciət edərək arxiyepiskop Baqratın, yəni Vazgen
Qalstanyanın “dərhal və ən sərt şəkildə cəzalandırılmasını,
oğurladığı vəsaitin geri qaytarmasının təminatının” tələb
etmişdilər.
Bu müraciətlər hələ də cavabsız qalıb.
3. Etiraz aksiyalarının nəticəsi nə olacaq? Erməni kilsəsi,
sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın başçılıq
etdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət “qarabağlılar
klanı”, Fransadakı erməni icması, habelə bəzi subregional
dövlətlərin maliyyələşdirərək idarə etdikləri kiçik müxalif
qruplaşmaların yaratdıqları “Vətən uğrunda Tavuş” hərəkatının heç
bir uğur perspektivi yoxdur.
Arxiyepiskop Baqrat və ya Vazgen Qalstanyan sadəcə, siyasi
fəallığı yüksək həddə olan marionetdir.
Etiraz aksiyalarının məhz Tavuşda, Baqratın arxiyepiskop olduğu
vilayətdə başlaması da təsadüf deyil, ermənilər də artıq bunu
anlayırlar.
Erməni cəmiyyətinin əvvəllər də sərhəd müəyyənləşdirməsi ilə
bağlı müxtəlif vilayətlərdə narazılıqları vardır. Lakin Baqrat və
erməni kilsəsi susdular.
Qarabağlı ermənilər könüllü olaraq Azərbaycanı tərk edərək
Ermənistana köç edəndə Laçın postunun qarşısında nə keşiş Baqrat
vardı, nə də katolikos 2-ci Qaregin.
Amma onların ikisi də indi aktivləşiblər. Səbəb bəsitdir: erməni
kilsəsində arxiyepiskop Baqrat qədər fırıldaqçı, ambisioz, siyasətə
meyilli, kütləyə hesablanmış demaqogik çıxışlar edən ikinci keşiş
yoxdur.
Məhz bu səbəbdən Robert Köçəryan və Serj Sarqsyan, erməni
diasporu, “qarabağlılar klanı” və s. ünsürlərdən ibarət alyans
keşiş Baqratı məqsədlərinin reallaşması üçün vasitə seçiblər. Di
gəl, bu müvəqqəti alyansın uğurlu fəaliyyət strategiyası,
düşünülmüş planı olmadığından Nikol Paşinyanın hakimiyyətdən
kənarlaşdırılması qeyri-mümkündür.





























