
Bakı. Trend:
31 may – 2 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçiriləcək.
Üç gün davam edəcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan
xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və
uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və
yarışlar təşkil olunacaq, Qala Etno Bazarın və “Qala tarixi
fotorlarda” sərgisinin açılışı baş tutacaq.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə
məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və
hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi
formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə
ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə
görüşlərin keçirilməsi planlaşdırılır. “Püstə ağacının altında
görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron
arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında
görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatacaq.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində
böyüklər və uşaqlar üçün təşkil olunacaq duluzçuluq, xalçaçılıq,
boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj,
ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad
dərslərinə qatıla biləcəklər.
Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi
fotolarda” sərgisi ziyarəçilərə təqdim olunacaq. Ənənəvi və etno
idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars
güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü
oyunlarda iştirak imkanı əldə edəcəklər. Tədbirdə uşaqların
əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil
olunacaq. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək və
“Rəsmini yarat” interaktiv fəaliyyətə qoşula biləcəklər.
Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansaray üslubundakı
Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə
qapılarını açacaq və etno bazarın qonaqları həm də ustad dərslərini
izləyə biləcəklər.
Qala Etno Fest ziyarətçiləri üçün daha bir imkan təqdim
edəcəkdir. Belə ki, tədbir iştirakçıları 25-26 may tarixlərində baş
tutmuş IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin eksponatlarına
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan
sənətə” muzeyində baxa biləcəklər.
Şəhərimizin bütün sakinlərini və qonaqlarını Qala Etno Fest-də
gözləyirik!
Əlaqələndirici şəxs:
Səfayə Əhmədova – 050 399 60 46,
[email protected]
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi





























