
Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) tanınmış alim, şair, professor
Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib.
Trend xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Mahirə
Nağıqızının gözəl pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı,
zəhmətkeş alim olduğunu qeyd edib. O bildirib ki, filologiya
elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynova
alim kimi ana dilimizin tədqiqi sahəsində qiymətli əsərlər ərsəyə
gətirib: “Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan
Mahirə xanım öz sözləri ilə desək, “öyrədənlərin öyrədənidir”.
Mahirə xanım Azərbaycan elminin inkişafına xidmət edən sanballı
alimlərdən biridir. Onun dilçilik sahəsində apardığı tədqiqatlar,
çap etdirdiyi əsərlər mühüm yenilikləri ilə səciyyəvidir. Alimin
müxtəlif mövzuları əhatə edən 30-dək kitabı onun alim və şair kimi
məhsuldar fəaliyyətini əks etdirir”.
Rektor qeyd edib ki, görkəmli alimin “Ulu Öndərimizin natiqlik
məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük
sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin
inkişaf konsepsiyası” (Sayalı Sadiqova ilə birlikdə) kimi
əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal
şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz
xidmətləri əhatəli şəkildə təqdim olunub.
Elçin Babayev onun poeziyasında Vətən və Ana obrazının ülvi,
qırılmaz sevgi, bədii dilin bütün gözəllikləri ilə, ustalıqla
yaradıldığını bildirib: “Mahirə Nağıqızının poeziyasının əsas
obrazları Ana və Vətəndir. “Mənim anam”, “Yaşadacaq anam məni”,
“Analı dünyam” kimi şeirlərində biz ana məhəbbətini, nəvazişini,
istiliyini, fədakarlığını bütün dərinliyi ilə hiss edirik. Mahirə
Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə
“Vətənin istehkamı” adlandırır. O, “Şəhid nəğməsi”, “Son döyüşə
hazır ol”, “Al bayrağım” və sair şeirlərində qəhrəmanlıq,
fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə
edir”.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə
əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin deputatı
Məlahət İbrahimqızı, Dövlət Dil Komissiyası yanında Monitorinq
Mərkəzinin direktoru Sevinc Əliyeva, “Azərbaycan” jurnalının baş
redaktorunun müavini Əsəd Cahangir çıxışlarında şairənin zəngin söz
dünyasından, yaradıcılığının özünəxas cəhətlərindən bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, Mahirə Nağıqızının əsərlərində milli
ruhun təbliği xüsusi yer tutur. Vətən sevgisi, onun bütövlüyü,
toxunulmazlığı, Qarabağ Zəfəri görkəmli şairin yaradıcılığından
qırmızı xətlə keçir.
Daha sonra söz professor Mahirə Nağıqızıya verilib. Tələbələrlə
görüşün çox xoş olduğunu qeyd edən tanınmış şair gənclərə inamının
böyük olduğunu deyib: “Mütaliəsiz tələbəni silahsız əsgərə
bənzədirəm. Gənclərimiz daha çox oxumalı, mütaliəli olmalı, elm,
bilik qazanmalı, inkişaf etməlidirlər. Gənclərə çox inanıram.
Qarabağımızı məhz bu gənclər azad elədilər. Dünya olimpiadalarında
üzümüzü gənclərimiz ağ edirlər. Qərbi Azərbaycana da məhz o gənclər
gedəcəklər”.
Ədəbiyyata marağının anasının səsləndirdiyi bayatıları
dinləyərək, sevərək yarandığını deyən Mahirə Nağıqızı 1300-dək
bayatının müəllifi olduğunu diqqətə çatdırıb: “Ana dilimizi qorumaq
hər bir gəncin borcudur. Vətənimiz, anamız necə vazkeçilməzdirsə,
ana dilimiz də elə olmalıdır. Hər kəs öz səngərində əsgər kimi
milli dəyərlərimizi qorumalıdır”.
Daha sonra tanınmış şair müəllifi olduğu şeirlərdən səsləndirib
və tələbələrin suallarını cavablandırıb.





























