
Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
(ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının
(BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar
minatəmizləmə konfransı öz işinə başlayıb. Azərbaycanın təşəbbüsü
ilə bu konfrans 3-cü dəfədir keçirilir. Azərbaycan qlobal səviyyədə
minalanmaya qarşı mərkəz stasusunu qazanıb. Azərbaycan dünyada
minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ölkə ərazisinin 12 faizi
minalarla və partlamamamış sürsartlarla çirklənib. Bu, kənd
təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib
ki, bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa
edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük
vəsaitlər sərf etmək məcburiyyətindədir.
“Azərbaycan Ermənistanın mina terroruna görə illərdi ki, əziyyət
çəkir. Lakin Ermənistan buna görə cəzasız qalır. Dünyada az sayda
ölkə var ki, mina istehsal edir. Həmin ölkələrdən biri də
Ermənistandır. Bu günə qədər işğaldan azad edilən torpaqlarımızda
onlarla vətəndaşımız minaya düşərək yaralanıb və həlak olub.
Təəssüf ki, bir çox dünya ölkələri və təşkilatları Azərbaycanın
üzləşdiyi mina probleminə etinasız yanaşır”, – deyə ekspert qeyd
edib.
Qeyd edək ki, 2020-ci ildə müharibə başa çatandan bu günə qədər
361 vətəndaşı mina qurbanı olub. Onlardan 68-i həlak olub, 293-ü
isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız
minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar
təşkil edir.
Daha geniş videomüsahibəni təqdim edirik:





























