Advertisement

Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır – Kanak siyasətçi

Bakı. Trend:

Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır, bizə
yeni bir yol lazımdır.

Trend xəbər verir ki, bu sözləri Kanak və Sosialist Milli
Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü Cimmi Nauna Britaniyanın nüfuzlu
“Guardian” nəşrindəki məqaləsində deyib.

O bildirib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar, Emmanuel
Makronun Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə prosesini
pozmaq üçün apardığı qərəzli və inadkar siyasi manevrlərin birbaşa
nəticəsidir.

Cimmi Nauna qeyd edib ki, Parisdə Fransa Milli Məclisində qəbul
edilən seçki islahatı qanun layihəsi iki həftə əvvəl paytaxt
Numeada iğtişaşlara səbəb olub:

“Bu ilin aprel ayında seçki islahatı qanun layihəsi Fransa
Senatına təqdim edildikdən bəri, Numea şəhərinin mərkəzində və
ümumilikdə Yeni Kaledoniya on min nəfərdən çox insanın iştirak
etdiyi dinc mitinqlər, nümayişlər, yürüşlər və oturaq aksiyalar
keçirilib. Lakin Fransa hökuməti bu qanunun yerli səviyyədə
iğtişaşlar və zorakı reaksiyalara səbəb olacağına dair aydın
işarələrə baxmayaraq qanun təşəbbüsünü yenə də irəli sürdü”, – deyə
məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Makronun Yeni Kaledoniyadakı vəziyyəti
idarə etməsi, Fransada siyasi qruplar tərəfindən mübahisəli olaraq
qiymətləndirilir.

Nauna Makronun ötən həftə Yeni Kaledoniyaya səfərinin də siyasi
mənfəət məqsədi daşıyan təbliğat addımı olduğunu deyib:

“Hətta öz partiyası daxilində belə Makron seçki islahatı qanun
layihəsini Versal Konqresi (parlamentin birgə iclası) vasitəsilə
keçirmək üçün dəstəyini itirib”.

Bildirilib ki, Makron Parisə qayıtdıqdan sonra seçki islahatını
Fransa Konstitusiyası çərçivəsində milli referenduma çıxarmağı
düşünüb. Səfərdən sonra FLNKS bəyanat yayaraq seçki islahatı
prosesinin dayandırılmasını və ya geri götürülməsini tələbini
təkrar səsləndirib. Həmçinin, gərginliyi azaltmaq və daha əlverişli
mühit yaratmaq üçün Yeni Kaledoniyaya yüksək səviyyəli müstəqil
missiyanın göndərilməsi də tələb edilib.