
Bakı. Trend:
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə
edilən kvalifikasiyaların peşə tanınması ilə bağlı 4 may 2024-cü il
tarixində keçirilən imtahanın nəticəsi açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə bildirilib ki,
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması
Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və
hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil
Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət
Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin
(DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını
toplaması) tələb olunur.
İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin
qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM
tərəfindən müəyyənləşdirilir.
Bildirilib ki, 4 may 2024-cü il tarixində saat 10:00-da DİM
tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək
üçün 466 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 426 nəfəri
imtahanda iştirak etmişdir. 23 ixtisas üzrə müvəffəqiyyət
göstəricisi 44,3% təşkil edib.
İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış
namizədlərlə bağlı statistika keçiddən tanış ola bilərsiniz
Bildirilib ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun
olaraq ən çox imtina almış 3 ixtisasın ölkələr üzrə təhlili
aparılıb.
Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası
üzrə 11 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə
əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiya
Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə
edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif
müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil
müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması
əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olub.
Tümen Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti
qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina alıb.
Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi
mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak edib, onlardan yalnız
24 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom
sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə
ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə
Belarus Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş
kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş
namizədlərin 65%, Ukrayna ali təhsil müəssisələrindən olan
namizədlərin isə 100% müvafiq imtahanda uğursuz olub. Belarus
Respublikası üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə
Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti ilə Belarus
Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Komanda-Mühəndis
İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki
Müdaifə Universiteti alıb.
Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 173
nəfər iştirak etmiş, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə
edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali
təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq”
ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən
əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət
etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan
namizədlərin isə 69% müvafiq imtahanda uğursuz olub. Rusiya
Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti,
Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti alıb.





























