Advertisement

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib (FOTO)

Bakı. Trend:

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti,
“IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı”
layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda davam edir.

Bu il Qəbələ rayonunda keçirilən “Gənc arıçı” layihəsi
çərçivəsində ilkin mərhələ olaraq layihənin seçimləri baş tutub.
Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox
müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab
edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc ailə
layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub.

Gənc arıçılar 22 may 2024-cü il tarixindən etibarən Qəbələ
rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddətində
nəzəri və praktiki biliklər əldə edəcək, təlim müddətini
tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi
və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi
ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə
iştirakçılara istehsalat prosesini effektiv icra etmələri üçün
lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata
keçiriləcək.

Xatırladaq ki, “IDEA” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan
Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin və
“ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata
keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan
arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının
ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını
təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək
vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə
vermək və gənclərin məşğulluğunu təmin etməkdir.