Advertisement

Bu pozuntunu edən hüquqi şəxslər 1000 manat cərimə ediləcək

Bakı. Trend:

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə
ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın
verilməməsinə görə inzibati məsuliyyət müəyyənləşir.

Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə
təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə
məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə
ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi
şəxslər 2000 manat məbləğində cərimə ediləcək.

Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə
kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və
reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi quruma (orqana) verilməməsinə
görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000
manat məbləğində cərimə ediləcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.