
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası
Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi
general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, qonaqları
salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun
olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin
digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət
təsir etdiyini xüsusi vurğulayıb.
Cari ilin 29-30 may tarixlərində Türkiyə Respublikasının milli
müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar
səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov
Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin
təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək
qiymətləndirib.
General-polkovnik İ.Günaydın isə öz növbəsində göstərilən
qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə
Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində
qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını
qeyd edib.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub,
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası
çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd
edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə
nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə
ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari
vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin
qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür
görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə
dair ətraflı fikir mübadiləsi aparılıb.





























