Bakı.Trend:
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya
bazarlarına nəqli əsas hədəflərindəndir.
Bunu Trend-ə
açıqlamasında enerji məsələləri üzrə ekspert Arif Dəmirov
deyib.
O bildirib ki, Azərbaycanda son illər bərpa olunan enerji
mənbələrinə qoyulan investisiyaların həcmi artıb.
“Bərpa olunan enerji genişliyi ilə seçilən bölgələrimizdən biri
də Naxçıvandır. Naxçıvanın Türkiyə və İranla sərhədi olması onun
yaşıl enerjisinin ixrac potensialını da artırır.Prezident İlham
Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl
enerji zonası” elan edib.
Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi üçün xüsusi
inkişaf konsepsiyası hazırlanıb. Muxtar respublikada külək və
günəş enerjisi boldur. Bu da enerji sahəsində fəaliyyət göstərən
xarici ölkələrin şirkətlərinin diqqətini cəlb edir. Naxçıvanın
əlverişli coğrafi mövqedə yerləşməsi də burada bərpaolunan enerji
istehsalı üçün imkanlar yaradır. Naxçıvanda külək və günəş enerjisi
üzrə 1 500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına
yaradılması nəzərdə tutulur.”
Ekspert qeyd edib ki, illik 190 milyon kVts elektrik enerjisi
istehsalı gözlənilən 36 MVt gücündə “Ordubad” SES-in tikilib
istismara verilməsi də enerji ilə yanaşı, ekoloji təhlükəsizliyə
töhfə verəcək.
“Təxmini hesablamalara görə, muxtar respublika ərazisində
günəşli saatların orta illik miqdarının 2600-2800 saatdır.
Naxçıvan 5000 MVt həcmində bərpa olunan enerji potensialına
malikdir”,- deyə o qeyd edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika
Xidmətindən verilən məlumata görə, 2023-cü il ərzində muxtar
respublikanın elektrik stansiyalarında 474 milyon 569 min
kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb.
Həmin enerjinin 94 milyon 390 min kilovat-saatı və ya 19,89 faizi
su elektrik stansiyalarında, 319 milyon 662 min-kilovat saatı və ya
67,36 faizi istilik elektrik stansiyalarında, 60 milyon 516 min
kilovat-saatı və ya 12,75 faizi günəş elektrik stansiyalarında
istehsal olunub.



























