
Bakı. Trend:
İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe
Mincünun “Təbəssüm bağı” adlı fərdi sərgisi açılacaq.
Trend xəbər verir ki, sərgidə
rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri –
rəsm və heykəltəraşlıq nümunəsi təqdim olunacaq.
Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun
“Avtoportret” silsiləsindən olan əsərləri dünya incəsənətində
əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında
geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü
“istehza gülüşü” adlandırır, digərləri isə onun dramatik və kədərli
olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı
təbəssümlər dərhal yaddaşlara həkk olunur.
Rəssamın digər məşhur silsiləsi “Güllər”di. Həmin əsərlərdə
COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı
fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu
incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil,
güllər bağlayır.
Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə –
ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka,
Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə,
İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi
sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və
muzeylərinin kolleksiyalarında yer alıb.
Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Təbəssüm
bağı” sərgisi oktyabrın 27-nədək davam edəcək.





























