
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində
132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva,
mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova, Vüqar Qurbanov
və Səddam Muxtarlı, həmçinin Təhsil Kompleksinin direktoru Sara
Xanlarova və müəllim-şagird heyəti iştirak ediblər.
Çıxış edənlər – Sara Xanlarova və Sevinc Əliyeva Azərbaycan
dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi,
Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin
inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində
tövsiyə və təkliflərini tədbir iştirakçılarının nəzərinə
çatdırıblar.
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv
təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə
mükafatlandırılıb.
Şagirdlərin ifalarındakı şeir nümunələri və “Turacı” rəqsi
tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.





























