
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin
müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər
çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə
tanış olublar.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,
qonaqları məktəbdə yaradılmış müasir şəraitlə tanış edən elm və
təhsil naziri Emin Əmrullayev müəssisədə qurulmuş STEAM mərkəzi
haqqında məlumat verib.
Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan
ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2
kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM
mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı,
rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları,
tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.





























