
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi
olan uşaqlara, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial
yardım alan) ailələrdəki uşaqlara, şəhid ailələrinin, müharibə ilə
əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların,
müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial
ödənişlər edilir.
Nazirlikdən Trend-ə bildirilib ki, əlilliyi olan uşaqlara və
işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn
himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə
uşaq götürənlər aylıq sosial ödənişlə təmin edilirlər. Yeni doğulan
uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara
mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət
verilir.
Bu sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir
və həmin ödənişlər mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə
ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan
olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının
inkişafına dəstək göstərilməsində mühüm rola malikdir. Mərkəzdə
ötən dövrdə 550 nəfərdən çox benefisiar təlimlərə və
sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 293
nəfərini uşaqlar təşkil edib.
Əlilliyi olan uşaqların reabilitasiyası və sosial xidmətlərlə
təminatı sahəsində də ardıcıl işlər aparılır. Heydər Əliyev
Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı
çərçivəsində Nazirliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət
müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb.
Son illər Qəbələ və Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzləri
yaradılmaqla Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 4-ə
çatdırılıb. Digər bölgələrdə də belə müəssisələrin yaradılması
nəzərdə tutulur.
Bu ilin ötən dövründə Nazirlik tərəfindən tərəfindən əlilliyi
olan 9,2 mindən çox uşağa ambulator və stasionar, habelə səyyar
formada reabilitasiya xidmətləri göstərilib.
Həmçinin bu dövrdə əlilliyi olan və digər həssas qruplardan olan
6,2 min uşaq isə səyyar, stasionar və yarımstasionar formada
reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib.
1 noyabr 2019-cu il tarixindən övladlığagötürmə üzrə idarəetmə
və xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
həyata keçirilir. Bu sahədə elektron infrastruktur üzərində müasir,
şəffaf və çevik xidmətlər sistemi yaradılıb. Həmin vaxtdan 562 uşaq
övladlığa götürülüb.
Ölkəmizdə uşaq qayğı sisteminin inkişaf etdirilməsi sahəsində
növbəti addım olaraq “Himayədar ailə” modeli də tətbiq olunur.
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum uşaqların ailə
mühitində böyüməsi və inkişafına xidmət “Himayədar ailə” qayğı
modeli çərçivəsində artıq 15 uşaq himayədar ailələrə verilib.





























