
Bakı. Trend:
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də nazirliyin
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ)
həkim briqadası tərəfindən Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı
kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün
tibbi müayinələr təşkil edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işğaldan azad olunan
ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi
tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali
arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə
xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr
və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar
keçirilir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil
olunan aksiya çərçivəsində ETPİ-nin pediatrları, uşaq cərrahı,
kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində
profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin
edilib.
Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın,
Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən
ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan
uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.
Müayinələrdən sonra peyvəndləmənin əhəmiyyəti və ana südündən
əlavə qidalanmanın qaydaları haqqında Zəngilan və Cəbrayıl
ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub. ETPİ-nin
həkim pediatrları Gülnaz Ağayeva və Günay Salehova ətraflı
təqdimatlarla çıxış ediblər. Həkim-pediatrlar valideynlərə
tövsiyələrini veriblər, onları maraqlandıran sualları
cavablandırıblar.
Tədbirin sonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və
maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.





























