
Laçın. Trend:
Laçındakı kiçik su elektrik stansiyası (KSES) regionda təmiz
enerji tədarüklərinin möhkəmlənməsinə səbəb olacaq.
Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov
Laçında “Malıbəy” KSES-in təməlqoyma mərasimində deyib.
“Regionun infrastrukturuna strateji investisiyaların cəlb
edilməsinin uğurlu nümunəsinin şahidi oluruq. Bu,
Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu
layihələr Kəlbəcər və Laçının infrastrukturunun təmin edilməsində
mühüm rol oynayacaq və regionun təmiz enerji təchizatının
möhkəmlənməsinə səbəb olacaq. Azərbaycanda COP29 ərəfəsində bu cür
layihələrin həyata keçirilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi
və “yaşıl” inkişaf prinsiplərinə sadiqliyi əyani şəkildə nümayiş
etdirir”, – o deyib.
Qeyd edək ki, iyunun 1-də Laçında “Malıbəy” kiçik su elektrik
stansiyasının təməlqoyma mərasimi olub.
Xatırladaq ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya
Şirkəti” ASC, “Demirören Yatırım Holding A.Ş.” şirkətlər qrupu
(Türkiyə) və “Arges Enerji Team” MMC arasında Birgə İştirak
Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları
üzərində beş KSES istifadəyə veriləcək.
Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci
ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara
verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir.
Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.
Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı
üzərində 5,1 meqavatt gücündə “Malıbəy” SES-in, 2-ci mərhələdə 3,4
meqavatt gücündə “Qalaça 2” SES, 1,8 meqavattlıq “Minkənd” SES və
1,1 meqavatt gücündə “Qalaça 1” SES-in tikintisi planlaşdırılır.
3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4
meqavattlıq “Tərtər 1” KSES-in tikintisi nəzərdə tutulur.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























