Advertisement

Qarabağın “yaşıl” enerji zonasına çevrilməsi üçün özəl investorlarla əməkdaşlıq aktiv şəkildə inkişaf edir – Anar Axundov

Laçın. Trend:

Qarabağ bölgəsi alternativ və “yaşıl” enerji zonasına
çevrilir.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov
Laçında “Malıbəy” KSES-in təməlqoyma mərasimində deyib.

“Bu gün işğaldan azad edilmiş ərazilərin inkişafı məsələsi
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş
torpaqlarımıza “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir.
Region alternativ və “yaşıl” enerji zonasına çevrilir. Bu
istiqamətdə özəl investorlarla əməkdaşlıq aktiv şəkildə inkişaf
edir”, – o deyib.

Qeyd edək ki, iyunun 1-də Laçında “Malıbəy” kiçik su elektrik
stansiyasının təməlqoyma mərasimi olub.

Xatırladaq ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya
Şirkəti” ASC, “Demirören Yatırım Holding A.Ş.” şirkətlər qrupu
(Türkiyə) və “Arges Enerji Team” MMC arasında Birgə İştirak
Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları
üzərində beş KSES istifadəyə veriləcək.

Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci
ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara
verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir.
Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.

Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı
üzərində 5,1 meqavatt gücündə “Malıbəy” SES-in, 2-ci mərhələdə 3,4
meqavatt gücündə “Qalaça 2” SES, 1,8 meqavattlıq “Minkənd” SES və
1,1 meqavatt gücündə “Qalaça 1” SES-in tikintisi planlaşdırılır.
3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4
meqavattlıq “Tərtər 1” KSES-in tikintisi nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun