
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib.
IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş
oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar
həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir.
IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, “1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunan aksiya
çərçivəsində həmin qutulara toplanılan oyuncaqlardan ibarət 61
hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə
paylanılıb.
IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların
sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası
yaradan həmin təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata
keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını
bildirir.
Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların
azaldılması, təkrar istifadəsi və emalına xüsusi önəm verir, həmin
istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və
plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar
emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar
istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.
Digər məhsullar kimi, yüksək tələbata malik oyuncaqların da
tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm
tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli
maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn
zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz
“sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf
qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına
yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa,
eyni zamanda, həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə
vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara
atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya
tullantılar atılmaması xahiş edilir.
Qeyd edək ki, “Sevincini bölüş” oyuncaq ianə qutuları paytaxt
ərazisindəki “Dəniz Mall”, “Gənclik Mall”, “28 Mall”, “Zefir Mall”
ticarət mərkəzlərində yerləşir.





























