
Bakı. Trend:
İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas
qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən Trend-ə
bildirilib ki, I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisas
qrupu üzrə imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966
abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud
iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt,
Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan,
Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan
imtahan saat 10:00-da başlanacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 149
bina, 2657 zal ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi
imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış
rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.





























