
Bakı. Trend:
2 iyun 2024-cü il, Bakı – İyunun 2-də Azərbaycanın mülki
aviasiya işçiləri peşə bayramlarını və Azərbaycan mülki
aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə
bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə
bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun
2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd
olunur.
Mülki aviasiyanın 86-cı ildönümünün qeyd edilməsi çərçivəsində
“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri
xiyabanı ziyarət ediblər. Ziyarətçilər xalqımızın Ümummilli lideri
Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq
xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər
düzülüb.
Azərbaycanın mülki aviasiyası həm Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi
sayəsində tərəqqiyə nail olub.
İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin
ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin
möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.





























