
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr
Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn
formatda keçirilən 37-ci iclasında iştirak edib.
Trend xəbər verir ki, iclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin
müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək
uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da
dəstəkləyib.
Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal
səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə
tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci
ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında
2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini
nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551
min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz
qalır.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv
ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin
edilib.



























