Advertisement

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə
Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin
sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyət ölkəmizdə
işgüzar səfərdə olub.

Trend xəbər verir ki, səfərin növbəti günü nümayəndə heyətinin
üzvləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
idarəsinin inzibati binası ilə tanış olublar.

Qarşılıqlı müzakirələr formatında baş tutmuş ikitərəfli görüş
zamanı Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş
İdarə rəisi Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı
mübarizə sahəsində görülmüş işlər və bu sahədə mövcud müsbət
təcrübə haqqında ətraflı məlumat verilib, habelə, görüş
çərçivəsində qurumların fəaliyyəti barədə qarşılıqlı məlumat
mübadiləsi həyata keçirilib.

Qonaqların Baş Prokurorluğun müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasına səfəri
zamanı əməkdaşlar üçün yaradılmış şərait və prokurorluğun
fəaliyyəti barədə ətraflı məlumat verilməklə yeni inzibati binanın
44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət
olunub.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək,
görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən
stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat
yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə
onlara ətraflı məlumat verilib.

Nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu
ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası,
həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər
tarixi-memarlıq abidələri ilə tanış olublar.

Bundan başqa, nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olaraq
vətən müharibəsində qüdrətli ordumuzun işğalçılardan tərksilah
etdiyi hərbi eksponatlar barədə məlumatlandırılıb.

Səfər başa çatıb.