Bakı. Trend:
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı
müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi
həbs edilib.
Trend xəbər verir ki, Dövlət
Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində
müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış
Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində
cəlb edilib.
Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham
verilib.
DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət
rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı
məhkəməyə vəsatət verilib.
Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 aylıq
həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə
dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində
hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.





























