
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə olaraq
“Uçuşların təhlükəsizliyi həm də
təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/
Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.
Trend xəbər verir ki, FOD
uçuş-enmə zolağlarında, sürmə yollarında və texniki xidmət
sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər
hansı yad obyekt qalığıdır.
Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya
xidmətlərinin digər nümayəndələri ilə Bakı aeroportunun uçuş-enmə
zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya
gəliblər.
“Bu kampaniya gündəlik fəaliyyətləri zamanı aeroport
ictimaiyyəti arasında uçuşların təhlükəsizliyi baxımından və
ekoloji maarifləndirmə nümunəsi olaraq son dərəcə vacibdir. Digər
tərəfdən isə əməkdaşlarımız arasında uçuşların təhlükəsizliyi
mədəniyyətinin gücləndirilməsinə xidmət edir”, – deyə Bakı hava
limanının Uçuşların Təhlükəsizliyi üzrə direktor müavini Elmir
Quluzadə vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların
təhlükəsizliyinə və ekoloji standartların qorunmasına töhvə verəcək
bu təşəbbüsü gələcəkdə də həyata keçirməyi planlaşdırır.





























