Advertisement

bp-nin icraçı vitse-prezidenti Bakıya gəldi

Bakı. Trend:

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti
Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək
üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir.

bp-dən Trend-ə bildirilib ki, Qordonun səfər proqramı sabah
Enerji Həftəsinin açılışı ilə başlayır.

Qeyd edilib ki, bu tədbirdə Qordona bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional
rəhbərliyinin digər üzvləri də qoşulacaq.

“Builki Enerji Həftəsində bp fəxrlə dünya səviyyəli
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim
edəcək. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın
Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən
və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə
çevrilməsində mühüm rol oynayıb.

bp-nin stendində Qordon və Qəri AÇG-nin keçdiyi möhtəşəm tarixi
yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan
maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər
haqqında məlumat verəcəklər. Onlar həmçinin bp-nin regiondakı digər
layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal
cinahından bu yaxınlarda hasilata başlamış nəhəng Şahdəniz qaz
yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti
ilə bağlı məlumatları bölüşəcəklər.

Səfər çərçivəsində Qordonun həmçinin bir sıra şirkətxarici
görüşləri, bp-nin regional rəhbərliyinin üzvləri ilə biznes
prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış
bir müsahibəsi də gözlənilir”, – bp-dən qeyd edilib.