
Bakı. Trend:
30 tələbə Norm Sement zavodunda 2024-cü ilin “İstehsalat
Təcrübəsi Proqramı”nı uğurla başa çatdırıb. Bu münasibətlə zavodda
proqramın bağlanış mərasimi keçirilib. Mərasimdə Bakı Mühəndislik
Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi,
Azərbaycan Dövlət İqtisad Universiteti və Sənaye və İnnovasiyalar
üzrə Peşə Təhsili Mərkəzinin nümayəndələri iştirak ediblər.
Mərasim boyunca təcrübəçilərin, eləcə də Bakı Mühəndislik
Universitetinin Təcrübə şöbəsinin rəhbəri Həzi Qasımovun, Sənaye və
İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzinin Tədris üzrə direktor
müavini Xalidə Hümbətovanın, Azərbaycan Dövlət İqtisad
Universitetinin Təcrübənin təşkili şöbəsinin müdiri Leyla
Nəzirzadənin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti
Rəşid Rəcəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
Təcrübə üzrə mütəxəssisi Zümrüd Hüseynovanın çıxışları olub.
Ötən ilin noyabr ayında elan olunan proqrama 400-ə yaxın sonuncu
kurs tələbəsi müraciət etmişdi. Onlardan 100-ə yaxın tələbə
müsahibə əsaslı müsabiqə mərhələsinə dəvət olunmuşdular. Bütün
mərhələləri uğurla tamamlayan 30 tələbə ixtisaslarından asılı
olaraq, 1 aydan 3 aya kimi Norm Sement zavodunda təcrübə keçmək
imkanı əldə etmişdi. Həmçinin, Sənaye və İnnovasiyalar üzrə Peşə
Təhsili Mərkəzi ilə birlikdə təşkil olunan “SƏTƏM və Ekologiyanın”
əsasları adlı təlim proqramını uğurla başa çatdırmış 7 tələbə bu
ilin fevral – iyun aylarında zavodda təcrübə keçmək şansı
qazanmışdı.
Qeyd edək ki, “Norm” ASC gənclərin inkişafına dəstək göstərmək
məqsədilə hər il müxtəlif layihələr həyata keçirir. Şirkət 10-dan
çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və
tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu
olan NEQSOL Holding-in tərkibinə daxildir.




























