
Bakı. Trend:
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün (3 iyun)
14-cü çağırış prezident seçkilərində namizədlik qeydiyyatından
keçib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məhəmməd Baqir Qalibaf 28 mayda İran parlamentində sədrlik üçün
keçirilən parlamentdaxili seçkidə 1 il müddətinə sədr vəzifəsinə
seçilib. O, “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsidir.
Qalibaf indiyədək 4 dəfə ardıcıl prezident seçkilərinə namizəd
olub.
Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28
iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə
ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum
magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd
ola bilərlər.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.




























