Advertisement

Federasiya rəhbərliyi klublarla görüşüb, onlar maraqlı olmadıqlarını deyiblər – Anar Rza

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasının icraçı direktoru Anar Rza
basketbolun 3×3 növü üzrə Qəbələdə keçirilən Dünya Qadın
Seriyasının gedişində jurnalistlərin suallarını cavablandırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, o, bu növ üzrə gələcək planlardan və
ABL-in növbəti mövsümündə reallaşa biləcək yeniliklərdən
danışıb.

– 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının ilki
Qəbələdə keçirilir. Təəssüratlar necədir?

– FİBA ilə 3 illik müqavilə imzalamışıq. Ola bilsin, bunu bir
qədər də uzadaq. Bu mərhələlərdə iştirak etməyimizin əsas məqsədi
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Bunu
bacardıq. İyunun sonunda Quba, avqustda isə Bakı mərhələsi də baş
tutacaq.

– Olimpiya Oyunlarına hazırlıq nə vaxt başlayacaq?
Zədəli basketbolçuların vəziyyəti necədir?

– Dina Ulyanovanın zədəsi ciddi deyil. Paris-2024-də iştirak edə
biləcək. İyunun 8-də komandamız Kosovaya gedəcək. Avropa kubokunun
mərhələ yarışında iştirak edəcək. Orda da favoritlər sırasındayıq.
İsveçrə və Fransada keçiriləcək qadın seriyasında iştirak üçün də
müraciət etmişik. FİBA-dan cavab gözləyirik.

– İlk mərhələ yarışı niyə məhz Qəbələdə
keçirildi?

– Biz mərhələ yarışlarının yerini seçəndə infrastruktura,
otellərə önəm veririk. Qəbələdə bu baxımdan şərait yaxşıdır. Quba
da idman paytaxtı seçilib və bu səbəbdən yarışı orda da
keçirəcəyik.

– Azərbaycan Basketbol Liqasında gələn mövsüm komanda
sayı neçə olacaq?

– Növbəti mövsüm komanda sayı artırılacaq. Say 12-ə çata bilər.
İstərdik ki, bölgə komandaları olsun. Bununla bağlı ayın 5-i
federasiyada görüş olacaq. Limit, komanda sayı dəqiqləşəcək.

– Bakıda oyunlar sadəcə “Sərhədçi” Olimpiya İdman
Mərkəzində keçirilir. Arenaların sayını artırmağı
düşünürsünüz?

– Gələn ildən Bakıda oyunlar yalnız “Sərhədçi”də keçirilməyəcək.
Bakı İdman Sarayı və Hövsan Olimpiya İdman Kompleksində də matçlar
baş tuta bilər. Bu da qarşıdakı günlərdə dəqiqləşəcək.

– Futbol klublarının komandalarının gələn mövsümdə
Liqada oynaması gözlənilir?

– Bəli, biz bunu istəyirik. Federasiya rəhbərliyi klublarla
görüşüb. Bəzi klublar deyib ki, bunu istəmirik, bizə maraqlı deyil.
Digərləri isə razılıq verib və bunu müzakirə edəcəklərini
deyib.

– “Qarabağ” basketbol komandasının olmasını istəmir.
Səbəb nədir?

– Səbəb demədilər. Sadəcə istəmirlər. Ola bilsin, sonradan buna
razılıq verdilər.

– ABL-də klub sayının artırılması çempionatın
keyfiyyətinə mənfi təsir edəcəyini düşünmürsünüz?

– Bəli, say artırılsa, bu keyfiyyətə təsir edə bilər. Hələ
bununla bağlı dəqiq qərar verilməyib. Həm də bizdə basketbolçu
qıtlığı var. Bununla bağlı müzakirə aparacağıq.