Advertisement

Şamaxıda bu həftəsonu Hava Şarları Festivalı keçiriləcək

Bakı. Trend:

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon
Festival) keçiriləcək.

Trend xəbər verir ki, Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə
“EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları
Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən, festivalın təşkil
olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

İyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00
aralığında)
baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi
üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları
qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd
edir.

Hava şarlarında turistik uçuşlar hələlik həyata keçirilmir.
Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata
keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin
seyr etmək imkanı olacaq.

iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən
şəxslər isə Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi
ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə
biləcək.

Xatırladaq ki, Şamaxıda ilk hava Şarları Festivalı ötən ilin
iyun ayında keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb
olub.