Advertisement

Sağdan zərbə: Makronun “qara günləri” başlayır

Bakı. Trend:

İki gün sonra Avropa İttifaqında Avropa Parlamentinə seçkilər
keçiriləcək. İyunun 9-da başa çatacaq seçkilərdə 27 ölkədə 15
mindən artıq siyasətçi Avropa Parlamentindəki 720 yer uğrunda
mübarizə aparacaqlar.

Səsvermə hüququna malik 373 milyon avropalı 7-9 iyun günlərində
Avropa Parlamentinin deputatlarını seçəcəklər.

Böyük Britaniyanın “Breksit” nəticəsində Avropa İttifaqı tərk
etməsindən sonra avrozonada ilk transmilli seçkilər olacaq bu
səsvermənin sonuclarına görə mandatların sayı ölkələrdəki əhali
sayından asılı olaraq formalaşacaq. Belə ki, Avropa Parlamentində
(AP) Almaniyanın 96, Fransanın – 81 deputatı olacaqsa, Kipr, Malta
və Lüksemburq kimi “cırtdan” dövlətlərin hər biri 6 deputatla
təmsil olunacaqlar.

Avropa İttifaqında heyəti birbaşa seçkilərlə formalaşan yeganə
əsas struktur Avropa Parlamentidir ki, Aİ üzvü olan ölkələrin milli
parlamentləri ilə müqayisədə onun unikallığı var: avrodeputatların
qanunverici təşəbbüsü yoxdur, yəni onlar yeni qanunlar təklif edə
bilməzlər.

Lakin Avropa Parlamentində qəbul edilən qanunverici qətnamələr
sonradan Aİ üzvü olan 27 ölkədə reallaşdırılır.

Avropa Parlamentinin deputatları Avropa İttifaqının
qanunvericiliyinə dəyişikliklər edir, Avropa Şurası və Avropa
Komissiyası ilə razılaşmalardan sonra qanun layihələri ilə bağlı
səsvermələr keçirirlər.

AP habelə, Aİ üzvü olan ölkələrin vətəndaşları üçün yeni
qanunlar hazırlayan Avropa Komissiyasının heyətini təsdiqləyir.

Avropa Parlamentinin deputatları Avropa Komissiyasının sədrinə
etimadsızlıq votumu elan etmək, Avropa İttifaqının ali rəhbərliyini
seçmək hüququna malikdir.

Çünki Avropa Komissiyasının sədri Avropa Parlamentində keçirilən
və 361 səs toplayan səsvermədən sonra təsdiqlənir.

Yeni seçkilərdən sonra Avropa Komissiyasının sədri Ursula fon
der Lyayen postunda qala bilər: baxmayaraq ki, onun sosialist
Nikolas Şmidt kimi ciddi rəqibi var.

… Cümə axşamı Hollandiyada, cümə günü – İrlandiya və Maltada,
şənbə günü Latviya və Slovakiyada seçkilər olacaq. Avropa
İttifaqının yerdə qalan digər ölkələrində səsvermə bazar günü
olacaq.

Seçkilərin əsas məzmunu Avropa İttifaqı ölkələrində seçicilər
tərəfindən aldıqları dəstəyi sürəkli artıraraq ifrat sağçılarla
Avropa İttifaqının perspektivsiz struktur olduğunu deyən
siyasətçilərin əldə edəcəkləri mandatların sayıdır.

ABŞ və Avropa İttifaqının rəhbərliyi bu partiyaların “Rusiya və
Çin ilə sıx təmaslarda olduqlarını” vurğulayırlar. Təbii ki,
ittihamlar hələ də hər hansı faktla və ya dəlillə sübuta
yetirilməyib.

Əsas məsələ AP-yə keçiriləcək seçkilərdə ultrasağçıların,
millətçilərin və şovinistlərin daha çox mandata yiyələnəcəkləri
təqdirdə Avropa İttifaqının siyasətinin sərtləşəcəyi, xüsusilə də
postsovet məkanı ölkələri ilə bağlı strategiyasında “sağa meyl”in
yaşanacağı ilə bağlı ehtimallardır.

Bildirək ki, Avropa Parlamenti 7 fraksiyadan və 50 müstəqil
deputatdan ibarətdir. Ən böyük fraksiyaya malik “Avropa Xalq
Partiyası”nda 177 mandat var və bu strukturun yaratdığı eyniadlı
franksiya xristian-demokratlardan, mühafizəkar liberallardan və
mühafizəkar deputatlardan ibarətdir.

Sözügedən fraksiyanın rəhbəri Avropa Komissiyasının sədri Ursula
fon der Lyayendir.

Sol-mərkəzçi “Sosialistlər və Demokratların Mütərəqqi
Alyansı”nın 140; “Liberallarla Demokratların Alyansı” və “Avropa
Demokratiya Partiyası”ndan ibarət “Avropanı Yeniyələrək” (Renew)
franksiyasının -102; “Yaşıllar-Avropa Azad Alyansı”nın – 72;
“Avropa Mühafizəkarları və İslahatçıları” fraksiyasın – 68;
sıralarında sosial-demokratları və kommunistləri
birləşdirən”Avropanın Sollar Vəhdəti” alyansının 37 mandatı
var.

Müstəqidl deputatlara gəldikdə isə, onlar heç ibir partiyanın
mənsubları olmasalar da, Macarıstanın baş naziri Viktor Orbanın
başçılıq etdiyi “Fides” Partiyasının və Slovakiyanın baş naziri
Robert Fitsonun sədrlik etdiyi “Smer” partiyasının üzvləri də
onların arasında yer alır.

Avropa Parlamentinin indiki, bəhs etdiyimiz heyəti “qoca
qitə”nin geosiyasətdə, iqtisadiyyatda, siyasətdə, maliyyədə və s.
məsələlərdə ABŞ-ın tam əsarəti altına düşməsinin, Brüsselin faktiki
olaraq Vaşinqtonun marionetkasına çevrilməsində əlahiddə rol
oynayıb.

Avropada “sağ intibah”, yəni ifrat sağçıların Avropa
Parlamentində səs çoxluğu əldə etmələri mümkündürmü? Ola bilər,
amma çətinliklə.

Avropa Beynəlxalq Münasibətlər Şurasının (ECFR) son hesabatına
görə, ifrat sağçılar və Aİ-yə qarşı radikal mənfi mövqe tutmuş
partiyalar Fransa, Avstriya, Belçika, Çexiya, Macarıstan, İtaliya,
Hollandiya və Slovakiyada lider mövqelərdədirsə, Bolqarıstan,
Estoniya, Finlyandiya, Almaniya, Latviya, Portuqaliya, Rumıniya,
İspaniya və İsveçdə populyarlıq reytinqlərinin 2-3-cü sıralarında
bərqərar olublar.

Ehtimallara görə, qarşıdan gələn seçkilərdən sonra Avropa
Parlamentində ifrat sağçı deputatların sayı 184-ə, yəni bütün
mandatların 25 faizinə çatacaq; sol-mərkəzçilər, “yaşıllar” və
liberallar isə əksinə, mandatların əhəmiyyətli qismindən məhrum
olacaqlar.

Daha dəqiq olsaq, “Sosialistlər və Demokratların Mütərəqqi
Alyansı” (S&D) və “Avropanı Yeniyələrək” (Renew) koalisiyası
ciddi itkilərə məruz qalacaq.

İfrat sağçı “Avropa Mühafizəkarları və İslahatçıları” (ECR” ilə
“İdentiklik və Demokratiya” (İD) qruplaşmaları isə mandatların
sayını artıraraq Avropa Parlamentində 2-ci böyük fraksiyaya çevrilə
bilər.

Hazırda 58 mandata malik İD-nin bu seçkilərdə 84 mandat
qazanacağı, ECR-in isə yerlərinin sayını 18 mandat artıracağı
təxminlənir.

Onlar “Renew” ilə bahəm, “Yaşıllar-Avropa Azad Alyansı”nı da
geridə qoya bilərlər.

Beləcə, Avropa Parlamentiində (AP) yerlərin təxminən yarısını üç
mərkəzi qruplaşmanın “superkoalisiya”sına daxil olmayan
avrodeputatlar tutacaqlar. Eyni zamanda, AP tarixində ilk dəfə
olaraq ifrat sağçılar, mühafizəkarlar və xristian demokratlar
sağ-populist koalisiya formalaşdırmaq imkanı əldə edəcəklər.

ABŞ bütün bunları görür və təbii ki, önləyici tədbirlər
hazırlayır. Avropa Parlamentində ifrat sağçılar mandatların çoxuna
yiyələnərsə, vətəndaşları olduqları ölkələrin xarici siyasətinə
birbaşa təsir edə bilərlər. Birləşmiş Ştatlarla yanaşı,
Vaşinqtondan asılı olan Brüssel nomenklaturası üçün bu, hadisələrin
ən pis inkişaf ssenarisidir.

Vaşinqtonu ən çox narahat edən Fransada seçkiqabağı
vəziyyətdir.

“Harris-Interactive” və “Toluna” şirkətlərinin keçirdikləri son
sorğuların nəticələrinə görə, ifrat sağçı Mari Le Penin faktiki
lider olduğu, Jordan Bardellanın başçılıq etdiyi “Milli Birlik”
(“Rassemblement National”, RN) partiyası səslərin 31 faizini qazana
bilər. Fransa prezidenti Emmanuel Makronun lider olduğu, Valeri
Heyerin sədrlik etdiyi “İntibah” (“Renaissance”) partiyasına isə
seçicilərin cəmi 15 faizi səs verməyə hazırdır.

Fransanın daxili siyasətinin əsl sürprizi isə Rafael Qlüksmanın
sədr olduğu “Place Publique” hərəkatı və Sosialist Partiyanın
koalisiyasının 14 faizlik səsə iddialı olmasıdır.

Emmanuel Makronun partiyasının Avropa Parlamentinə seçkilərdə
ölkə lideri olmaq şansı həddən ziyadə azdır.

Çünki Valeri Heyerin sədrlik etdiyi bu partiyanın Fransa
cəmiyyətində nüfuzunun və elektorat bazasının azalması ilə yanaşı,
fransalılar Makronun partiyasının liderini yaxşı tanımırlar.

Belə ki, “Eurotrack OpinionWay – VAE Solis”in keçirdiyi son rəy
sorğularının nəticələrinə görə, respondentlərin yalnız 37 faizi
Vaderi Heyerin kim olduğunu bilirlər.

Rafael Qluksmanı rəyi soruşulanların 66 faizi, Jorjan Bardellanı
isə 91 faizi tanıyır.

Makronun partiyasının sədri hətta 61 faizlik nəticə göstərmiş
Fransua Asselinodan və respondentlərin 66 faizinin tanıdıqları
Fransua-Ksavye Bellamidən də geridədir.

Emmanuel Makronun partiyasının uğursuzluğu ölkədəki iqtisadi
çətinliklər, işsizliyin 7,5 faizlik həddə çatması, təqaüd yaşının
artırılmasıdır.

Fransa vətəndaşlarının əhəmiyyətli hissəsi Makronu xalqın yox,
varlıların prezidenti hesab edir. İri korporasiyaların və
konsernlərin gəlirlərinin artdığı zamanda Emmanuel Makron və Fransa
hökuməti ardıcıl olaraq sosial ödənişlərlə müavinətləri azaltmaqla
məşğuldur.

Ölkədə təqaüd yaşı 64-ə qaldırılandan sonra “sarı jiletlilər”in
aylarla davam etmiş etirazları bitməmiş Avropa İttifaqının
sərtləşən qaydalarına və kəndli təsərrüfatlarını müflis edən
transmilli korporasiyaların hücumuna etiraz edən fermerlərin
aksiyaları başlandı.

Emmanuel Makronun yarıtmaz daxili siyasəti Fransada əhalinin
yaşam səviyyəsini və gəlirlərini fasiləsiz azaltmaqdadır. Fransanın
xarici siyasətdəki uğursuzluqları, diplomatik təşəbbüslərin
əksəriyyətin puça çıxması da E. Makronun kütlədə nüfuzunu
artırmayıb.

İş o yerə çatıb ki, elektoral bazasını bərpa etmək üçün E.
Makron ölkədəki ifrat sağçıları və ultramillətçilərin “Fransamız
Fransa olaraq qalmalıdır! ” şüarını da “oğurlayıb”.

Fəqət, bütün bunlar Parisdəki hakimiyyət isteblişmentinə çətin
ki, kömək edə bilsin.