
Bakı. Trend:
Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM) sahəsində yeni
layihələr “yaşıl” artımın gücləndirilməsinə yönəlib.
Trend xəbər
verir ki, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar
naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici
direktoru, COP28-in prezidenti Sultan Əhməd Əl Caber Bakı Ekspo
Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil&Gas” və
12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi –
“Caspian Power” sərgilərinin açılışında deyib.
“Bu gün Azərbaycan və BƏƏ BEM layihələrinin üç təməlqoyma
mərasiminin şahidi olacaq. Bu faktiki olaraq “yaşıl” artımın
gücləndirilməsinə, inkişafa və ölkənin qlobal səviyyədə dayanıqlı
inkişafının dəstəklənməsinə yönəlmiş tərəfdaşlıq tarixinə
əsaslanır”, – o deyib.
Onun sözlərinə görə, məhz bu cür tərəfdaşlıq sadiqlik, səmimi
niyyət və real maraqlar nümayiş etdirə və “yaşıl” artımın təşviqinə
kömək edə bilər. Məhz bu cür praktiki tərəfdaşlıq mühüm yardım
göstərəcək.
“COP28-də hökumətin iddialı tədbirlər üçün əldə edilən və
reallaşdırılan fayda və stimulu maksimallaşdırmağa davam etdiyimizə
zəmanət vermək üçün hər bir maraqlı tərəfi cəlb etməyə davam
etməliyik. Biz COP29-dan başlayaraq COP30-a doğru körpü inşa
etməliyik. Sənayeni fəaliyyətini aktivləşdirməyə çağırırıq”, – deyə
nazir sonda bildirib
Qeyd edək ki, bu gün Bakıda üç elektrik stansiyasının təməlqoyma
mərasimi keçiriləcək. Söhbət 445 MVt gücündə Biləsuvar, 315 MVt
gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə
Abşeron-Qaradağ külək elektrik stansiyasından gedir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























