
Bakı. Trend:
Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku
Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə
heyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli
Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil
qoyub.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti,
həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və
suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər
çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının
mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və
paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Musa Quliyev və digər rəsmi şəxslər müşayiət
ediblər.





























