Bakı. Trend:
Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarovun cəsədinin
qalıqları iyunun 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndində dəfn
olunub.
Trend xəbər verir ki, 1992-ci ilin oktyabr ayında Ağdərədə
şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra
doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Siyəzən Rayon
İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının,
rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri
iştirak ediblər.
Cabbarov Rüfət Məmmədhüseyn oğlu 9 iyun 1971-ci ildə Siyəzən
rayonunun Dağ Quşçu kəndində doğulub. Keçmiş sovet ordusunda xidmət
keçib. Birinci Qarabağ müharibəsində cəbhəyə könüllü yollanıb.
Ağdərə rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə
qəhrəmanlıqla döyüşüb. 4 oktyabr 1992-ci ildə Ağdərənin Çıldıran
kəndində şəhidlik zirvəsinə yüksəlib. Rüfətin şəhid olduğu
müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.
Aparılan araşdırmalardan sonra Rüfət Cabbarovun Tərtərin
Şəhidlər Xiyabanında naməlum şəhid kimi basdırıldığı
müəyyənləşib.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza
və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına
güllər düzülüb, əklil qoyulub.
Xəbər yenilənəcək





























